4 mart 2005

Gürcüstanın Baş naziri Zurab Noğaideli və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunda olublar

Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri Zurab Noğaideli və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri martın 4-də Heydər Əliyev Fondunda olmuşlar.


Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond və onun məqsədləri barədə məlumat verilmişdir.

 

Gürcüstanın Baş naziri və onu müşayiət edən şəxslər ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlarla, o cümlədən həyatının ən müxtəlif anlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, xalqımızın böyük oğluna həsr edilmiş kitablarla tanış oldular. Nadir fotolar bu dahi insanın olduqca zəngin və dəyərli həyat yolu keçdiyini bir daha təsdiqləyir. Onun şəxsən özünün istifadə etdiyi əşyalar nadir və qiymətli eksponat kimi qonaqların hər birinin diqqətini cəlb etdi.

 

Zurab Noğaideli və nümayəndə heyətinin üzvləri müstəqil Azərbaycanın qurucusunun respublikamıza rəhbərlik etdiyi təxminən 35 illik bir dövrün zəngin fototəsvirlərinə maraqla tamaşa etdilər. Son 10 ildə irimiqyaslı layihələrlə təkcə Azərbaycanı deyil, həm də Cənubi Qafqaz regionunu dünyaya bağlayan Heydər Əliyev neft strategiyasının fotolarda əksi qonaqlarda xüsusi maraq oyatdı.

 

Qonşu ölkənin Baş naziri Zurab Noğiadeli Fondla tanışlıqdan sonra fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

 

Fondla tanışlıq zamanı cənab Zurab Noğaidelini Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasov, ölkəmizin Tbilisidəki səfiri Ramiz Həsənov və Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze müşayiət edirdilər.