7 aprel 2005

Yunanıstanın turizm naziri Heydər Əliyev Fondunda olub

Azərbaycanda səfərdə olan Yunanıstanın turizm naziri Dimitris Avramopulos və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri aprelin 7-də Heydər Əliyev Fondunda olmuşlar.


Fondun əməkdaşları qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond və onun məqsədləri barədə məlumat verdilər.


Yunanıstanın turizm naziri və onu müşayiət edən şəxslər ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlarla, o cümlədən həyatının ən müxtəlif anlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, xalqımızın böyük oğluna həsr edilmiş kitablarla tanış oldular. Nadir fotolar bu dahi insanın olduqca zəngin və dəyərli həyat yolu keçdiyini bir daha təsdiqləyir. Ulu öndərin şəxsən istifadə etdiyi əşyalar nadir və qiymətli eksponat kimi qonaqların hər birinin diqqətini cəlb etdi.


Dimitris Avramopulos və nümayəndə heyətinin üzvləri müstəqil Azərbaycanın qurucusunun respublikamıza rəhbərlik etdiyi 35 illik bir dövrün zəngin fototəsvirlərinə maraqla tamaşa etdilər. Son 10 ildə irimiqyaslı layihələrlə təkcə Azərbaycanı deyil, həm də Cənubi Qafqaz regionunu dünyaya tanıdan Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi sahəsində görülmüş işlərin fotosalnaməsi, Yunanıstan-Azərbaycan dostluğunun möhkəmləndirilməsi istiqamətində ümummilli liderimizin xidmətləri qonaqlarda xüsusi maraq oyatdı.


Yunanıstanın turizm naziri Fondla tanışlıqdan sonra fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.


Sonra qonaqlar Fondun eyvanından paytaxtımızın mənzərəsini seyr etdilər. Onlar son illər ərzində Bakıda aparılan tikinti-quruculuq işlərini yüksək qiymətləndirdilər və şəhərin gözəlliyindən məmnun qaldıqlarını söylədilər.


Fondla tanışlıq zamanı Dimitris Avramopulosu Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Yunanıstanın Bakıdakı səfiri Temistokles Dimidis müşayiət edirdilər.