0.jpg
4 oktyabr 2005

Latviya prezidenti xanım Vayra Vike-Freyberqa Heydər Əliyev Fondunda olub

Oktyabrın 4-də Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqa Heydər Əliyev Fondunda olmuşdur.


Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Latviya Prezidenti Vayra Vike-Freyberqanı və onun həyat yoldaşı İmants Freyberqsi Fondun binası önündə böyük səmimiyyətlə qarşıladılar.


Prezident Vayra Vike-Freyberqaya və nümayəndə heyətinin üzvlərinə Fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən ibarətdir.


Prezident İlham Əliyev ali qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun həyatının uşaqlıq, gənclik illərini və siyasi fəaliyyətini əks etdirən eksponatlar barədə ətraflı söhbət açdı.


Xanım Vayra Vike-Freyberqa və Latviya nümayəndə heyətinin üzvləri fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu fotoşəkillərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular.


Latviya rəhbəri dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, onun xarici ölkələrin liderləri ilə birgə çəkilmiş fotoşəkillərinə böyük maraqla baxdı.


Latviya Prezidenti Fondla tanış olduqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.


Sonra çay süfrəsi arxasında söhbət davam etdirildi. Prezident İlham Əliyev xanım Vayra Vike-Freyberqaya ölkəmizə səfəri zamanı çəkilmiş fotoşəkillərdən ibarət fotoalbom təqdim etdi.


Prezident Vayra Vike-Freyberqa və nümayəndə heyətinin üzvləri Fondun eyvanından Bakının görməli yerlərini seyr etdilər, burada xatirə şəkli çəkdirdilər.


Ali qonaq Fonddan xoş təəssüratla ayrıldığını bildirdi.


FOTO