0.jpg
30 sentyabr 2005

Finlandiya prezidenti xanım Tarya Halonen Heydər Əliyev Fondunda olub

Sentyabrın 30-da Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonen Heydər Əliyev Fondunda olmuşdur.


Azərbaycan Prezidenti İlham Əliyev və Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Finlandiya Prezidenti Tarya Haloneni və onun həyat yoldaşı Pentti Arayarvini böyük səmimiyyətlə qarşıladılar.


Prezident Tarya Halonenə və nümayəndə heyətinin üzvlərinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.


Prezident İlham Əliyev ali qonağa ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar barədə ətraflı söhbət açdı.


Xanım Tarya Halonen və Finlandiya nümayəndə heyətinin üzvləri fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu fotoşəkillərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla tanış oldular. Xanım Halonen dünyanın nüfuzlu siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, onun Avropa, Asiya ölkələrinin liderlərinin ümummilli liderimizlə birgə çəkdirdikləri fotoşəklin qarşısında Azərbaycan Prezidenti İlham Əliyevlə xatirə şəkli çəkdirdi.


Finlandiya Prezidenti Fondla tanış olduqdan sonra Xatirə kitabına öz ürək sözlərini yazdı:


"Heydər Əliyevin xatirəsini yad edən maraqlı sərginizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu sərgi sizin dövlətinizin formalaşdırılmasına həsr olunub və Avropa tarixinin çox maraqlı bir hissəsini əks etdirir".


Sonra çay süfrəsi arxasında söhbət davam etdirildi. Prezident İlham Əliyev xanım Tarya Halonenə ölkəmizə səfəri zamanı çəkilmiş fotoşəkillərdən ibarət fotoalbom təqdim etdi.


Prezident Tarya Halonen və nümayəndə heyətinin üzvləri Fondun eyvanından Bakının görməli yerlərini seyr etdilər.


Ali qonaq Fonddan xoş təəssüratla ayrıldığını bildirdi.


FOTO