8 dekabr 2005

Azərbaycan Milli Elmlər Akademiyasının və Dövlət İdarəçilik Akademiyasının nümayəndələri Heydər Əliyev Fondunda olublar

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin üzvləri, struktur rəhbərləri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bir qrup müəllim və tələbəsi ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün dekabrın 8-də Heydər Əliyev Fonduna gəlmişlər.

 

Fondun icraçı direktoru Anar Ələkbərov elm və ali təhsil akademiyalarının arzu və istəyi ilə Fondla ilk dəfə kollektiv şəkildə belə tanışlıq mərasiminin təşkil edildiyini bildirərək, respublikamızın görkəmli alim və pedaqoqlarını, təhsildə xüsusi nailiyyətlər əldə etmiş tələbələri Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamladı.

 

Sonra qonaqlara Heydər Əliyev Fondunun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verildi. Bildirildi ki, 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Fondun əsas məqsədləri, vəzifələri Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını təbliğ etmək və gələcək nəsillərə çatdırmaqdır. Bununla bərabər, Fond fəaliyyətə başladığı ilk gündən qarşıya zamanın tələblərinə cavab verən vəzifələr qoymuş, qlobal layihələr həyata keçirmişdir. Qayğı və köməyə ehtiyacı olan konkret insanların, ölkənin sosial problemlərinin həlli, uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan uşaqlara, talassemiya, diabet xəstəliyindən əziyyət çəkən azyaşlılara yardım, təhsil, mədəniyyət sahəsində Fondun çox böyük layihələr həyata keçirdiyi bildirildi. Belə layihələrdən biri olan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində bu ilin ikinci yarısında respublikanın regionlarında 130 məktəbin tikilib istifadəyə verildiyi vurğulandı.

 

Qonaqlar Fondun zəngin sərgi və ekspozisiyası ilə tanış oldular. Dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, ulu öndərimiz haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq oyatdı.

 

Sonra Fondun kinosalonunda ulu öndərə həsr edilmiş "Böyük ömrün anları" filminə baxış oldu.

 

Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Məhərrəm Qasımlı AzərTAc-ın müxbirinə dedi ki, respublikamıza rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Moskvanın Kreml Sarayında Azərbaycanın neçə-neçə şairi, ədibi və bəstəkarının yubileyləri təntənəli şəraitdə qeyd edildi, bir çox mədəniyyət, incəsənət xadimi keçmiş SSRİ-nin ən yüksək fəxri adlarına layiq görüldü, mədəniyyətimizin bütün sahələrində əsil intibah baş verdi. Ümummilli liderimizin xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə ölkəmizin siyasi rəhbərliyinə qayıdışından sonrakı dövrdə elə təkcə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin YUNESKO səviyyəsində bütün dünyada yüksək səviyyədə keçirilməsi, dilimizin, əlifbamızın inkişafına dair sərəncamları xalqa xidmətin, onun mədəni-mənəvi dəyərlərinə hörmət və ehtiramın parlaq nümunəsi kimi qiymətləndirilməlidir. Azərbaycan tarixi, ədəbiyyatı və folkloruna dair çoxcildliklərin hazırlanması və nəşri də ulu öndərin milli soykökə bağlılığının, Dədə Qorqud müdrikliyinin bariz nümunəsidir.

 

AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan alimlərinin qəlbində silinməz iz qoymuşdur. Onun elmimizin inkişafına göstərdiyi qayğı və diqqət nümunələri saysız-hesabsızdır. 1992-93-cü illərdə hakimiyyətə gəlmiş üzdəniraq rəhbərlər "Türkiyədə və İranda "Akademiya yoxdur" deyərək, ölkəmizin elm məbədgahı olan Akademiyanı ləğv etmək istəyirdilər. Yalnız fenomen şəxsiyyətin yenidən respublika rəhbərliyinə qayıdışı xalqı onlarca belə bəladan xilas etdi. "Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir, onu qoruyub saxlamaq, inkişaf etdirmək lazımdır" - deyərək, Akademiyaya milli status verdi, xüsusi qanun qəbul edildi, maddi-texniki baza genişləndi, yeni institutlar yarandı, əmək haqqı bir neçə dəfə qaldırıldı. Hər birimizin qəlbində onun əbədi heykəli var. Borcumuz onun zəngin həyatını, elmi-nəzəri irsini öyrənib gənclərə, gələcək nəsillərə çatdırmaqdır.

 

Dövlət İdarəçilik Akademiyasının tələbəsi İslam Abdullayev Fondla tanışlıqdan təəssüratını bölüşərək dedi ki, zəngin ekspozisiyalar böyük öndərimiz Heydər Əliyevin nə qədər şərəfli bir ömür yolu keçdiyini bir daha bizə əyani göstərdi. İndicə baxdığımız filmdə ulu öndərin "Azərbaycan mənim ürəyimdir, mənim nəfəsimdir, mənim həyatımdır. Mənim bütün həyatım xalqıma, Vətənim Azərbaycana bağlı olub" - deyərək, Səməd Vurğunun "Azərbaycan" şeirini əzbər söyləməsi də bu sevginin böyüklüyünü göstərir. Gənc nəsil, mənim həmyaşıdlarım, xüsusilə cavan politoloqlar Heydər Əliyev irsini daha dərindən öyrənməli, daim ondan bəhrələnməlidirlər.

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov Fondla tanışlığın hər iki kollektivin üzvlərində zəngin təəssürat yaratdığını bildirərək, Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələri yüksək dəyərləndirdilər, gördüyü çox dəyərli işlərin, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinin ziyalılar tərəfindən bəyənildiyini xüsusi vurğuladılar. Mehriban xanımın respublikanın ali qanunvericilik orqanına seçilməsini onun fəaliyyətinə verilən qiymət, xalq sevgisinin ifadəsi kimi səciyyələndirdilər.