9 dekabr 2005

Azərbaycan Yazıçılar Birliyinin və İqtisad Universitetinin nümayəndələri Heydər Əliyev Fondunda olublar

Azərbaycan Yazıçılar Birliyinin üzvləri və Azərbaycan İqtisad Universitetinin bir qrup müəllim və tələbəsi ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün dekabrın 9-da Heydər Əliyev Fonduna gəlmişlər.

 

Fondun icraçı direktoru Anar Ələkbərov ölkəmizin tanınmış şair və yazıçılarını, iqtisadçı alimlərini və təhsildə fərqlənən tələbələri Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamladı.

 

Qonaqlara Heydər Əliyev Fondunun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verildi.

 

Sonra qonaqlar Fondun zəngin sərgi və ekspozisiyası ilə tanış oldular. Dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, ulu öndərimiz haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq oyatdı. Azərbaycan ədəbiyyatının klassiklərindən biri Molla Pənah Vaqifin Şuşada məqbərəsinin açılışında, ayrı-ayrı ədiblərin yubileylərində, yazıçıların qurultaylarında çəkilmiş yadigar fotolar ötən illəri xatirələrdə bir daha canlandırdı.

 

Sonra Fondun kinosalonunda ulu öndərə həsr edilmiş "Böyük ömrün anları" filminə baxış oldu.

 

Xalq şairi Nəriman Həsənzadə AzərTAc-ın müxbirinə dedi ki, Heydər Əliyev sözün əsil mənasında dahi şəxsiyyət, fikir, ideya, əməl dühası, xalq, millət, vətən fədaisi, fenomen insan idi. O böyüklüyü onunla şəxsən ünsiyyətdə olanlar, yaxından tanıyanlar daha dərindən dərk edə bilərdilər. Azərbaycan ədəbiyyatının inkişafında, dünya miqyasına çıxmasında ulu öndərin əməyi, xidmətləri ölçüyəgəlməzdir. Respublikamıza rəhbərliyinin birinci dövründə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Moskvanın Kreml Sarayında Azərbaycanın neçə-neçə şairi, ədibi və bəstəkarının yubileyləri təntənəli şəraitdə qeyd edildi, bir çox mədəniyyət, incəsənət xadimi keçmiş SSRİ-nin ən yüksək fəxri adlarına layiq görüldü, mədəniyyətimizin bütün sahələrində əsil intibah baş verdi.

 

Elə bir tanınmış ədəbiyyat xadimi olmaz ki, ona Heydər Əliyev qayğısından pay düşməsin. 1986-cı ildə Moskvadakı Novodeviçye qəbiristanlığına Zərifə xanımın məzarını ziyarətə getmişdim. Gördüm ki, Heydər Əliyev də buradadır. Nazim Hikmətin, Sergey Yeseninin məzarları bu sırada yanaşı idi. Onların da qəbri üstünə gül qoyduq, gözəl insan, nəcib ziyalı, həkim Zərifə xanımın məzarı başında xeyli söhbət etdik. Dedim ki, Zərifə xanıma bir şeir həsr eləmişəm, hələ heç yerdə çap olunmayıbdır. Aldı, dedi ki, evdə özüm oxuyaram. Üstündən 12 il keçmişdi, bir dəfə zəng etdilər ki, sabah Zərifə xanımın xatirə gecəsi olacaq, cənab Prezident deyib ki, Nəriman Həsənzadəni də dəvət edin, Zərifə xanıma bir şeir həsr eləmişdi, oxusun. Düzü pis oldum, dedim axı, o şeir məndə qalmayıb, elə əlyazmasını Moskvada Heydər Əliyevə vermişəm. Bir az keçmiş yenə də zəng etdilər ki, cənab Prezident deyir narahat olmasın, əlyazma məndədi, saxlamışam. İlk dəfə həmin tədbirdə şeiri oxudum, sonra qəzetlərdə çap olundu.

 

Mən "Atabəylər" və "Pompeyin Qafqaza yürüşü" əsərlərimdə onun parlaq obrazını yaratmışam, özü də bilirdi, dəfələrlə də razılığını bildirmişdi.

 

Həyat yoldaşımın sağalmaz xəstəliyə tutulduğunu eşidib özü Moskvaya ən yaxşı həkimlərə zəng eləmişdi. Bir ildən çox müalicəsi üçün nə mümkünsə, onu elədilər, göydə Allahın, yerdə onun köməyi ilə bir müddət də artıq yaşadı.

 

O, təbiətən, qəlbən şair, bəstəkar idi, gözəl rəssamlığı vardı, ixtisasca memar idi, bu sahədə də zəngin biliyi, təcrübəsi vardı. Ədəbiyyatdan danışanda elə bilirdin tənqidçi, ədəbiyyatşünasdı, musiqidən danışanda fikirləşirdin ki, musiqişünasdı. Nə qədər qayğıkeş idi. Dəfələrlə şahidi olmuşam, bir-biri ilə küsülü olan tanınmış şair, yazıçı, bəstəkarları barışdırırdı, tənbeh edirdi, başa salırdı ki, belə yaramaz, axı sizin belə münasibətləriniz ümumi işə, ədəbi-mədəni inkişafa, xalqa zərər vurur, kənar millətlərin nümayəndələri də bundan istifadə edir, haqqımızda mənfi rəy yaradırlar.

 

Təsəllimiz odur ki, o böyük insanın övladı, onun mənəviyyatından, düşüncəsindən, müdrikliyindən, siyasi zəkasından dərs almış İlham Əliyev bu gün dövlətimizin sükanı arxasındadır, bütün sahələrdə əldə edilmiş nailiyyətləri yeni dövrə uyğun inkişaf etdirir. Xüsusən, mədəniyyətimizin, incəsənətimizin tərəqqisi üçün lazımi tədbirlər görür, mədəni-mənəvi dəyərlərimizə hörmət və ehtiram göstərir. İnanırıq ki, bu, sonadək belə davam edəcəkdir.

 

İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev əsas məqsədləri, vəzifələri Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını təbliğ etmək və gələcək nəsillərə çatdırmaq olan Fondun qayğı və köməyə ehtiyacı olan konkret insanların, ölkənin sosial problemlərinin həlli, uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan uşaqlara, talassemiya, diabet xəstəliyindən əziyyət çəkən azyaşlılara yardım, təhsil, mədəniyyət sahəsində gördüyü işləri yüksək dəyərləndirdi. Bildirdi ki, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində son vaxtlar respublikanın regionlarında 130 məktəbin tikilib istifadəyə verilməsi tarixi hadisədir. Xalqını, vətənini sevən hər bir azərbaycanlının qəlbində ümummilli lider Heydər Əliyevin əbədi heykəli var. Bizim borcumuz onun zəngin həyatını, elmi-nəzəri irsini öyrənib gənclərə, gələcək nəsillərə çatdırmaqdır. Fondla tanışlıq hamımızda zəngin təəssürat doğurdu, bu müqəddəs məbədgahın yaranmasında, Heydər Əliyev irsinin tədqiq edilib toplanmasında, təbliğində, dünyaya çatdırılmasında Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımın gördüyü işlər ən yüksək qiymətə layiqdir. Onun çoxşaxəli fəaliyyəti hamı, o cümlədən ziyalılar tərəfindən bəyənilir. Mehriban xanımın respublikanın ali qanunvericilik orqanına seçilməsi bunun daha bir təsdiqidir.