10 dekabr 2005

Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti, Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universitetinin nümayəndələri Heydər Əliyev Fondunda olublar

Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti, Baki Dövlət Universiteti və Azərbaycan Tibb Universitetinin bir qrup müəllim və tələbəsi ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün dekabrın 10-da Heydər Əliyev Fonduna gəlmişlər.

 

Fondun icraçı direktoru Anar Ələkbərov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevə öz hörmət və ehtiramlarını bildirmək üçün buraya gələn kollektivlərin nümayəndələrini Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamladı.

 

Qonaqlara Heydər Əliyev Fondunun yaranması, fəaliyyəti barədə ətraflı məlumat verildi.

 

Sonra qonaqlar Fondun zəngin sərgi və ekspozisiyası ilə tanış oldular. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq doğurdu. Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestat və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotolar, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırdı.

 

Sonra Fondun kinosalonunda ulu öndərə həsr edilmiş "Böyük ömrün anları" filmi göstərildi. Fenomen şəxsiyyətin mahir diplomat, görkəmli siyasətçi, nəcib insan, mehriban ailə başçısı kimi təqdim olunduğu bu filmdə ulu öndərin dilindən xalq mahnıları, şeirlər, müdrik kəlamlar da səslənir, onun Vətənə, xalqa nə qədər dərindən bağlı olduğu bir daha əyani şəkildə göz önündə canlanır. Xüsusilə nəvəsi Heydərin dünyaya gəlişindən necə böyük sevinc hissi keçirməsi filmin ən təsirli məqamlarındandır.

 

Fondun ziyarətçiləri əsas məqsədləri, vəzifələri Heydər Əliyev tərəfindən yaradılmış azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını təbliğ etmək və gələcək nəsillərə çatdırmaq olan Fondun qayğı və köməyə ehtiyacı olan konkret insanların, ölkənin sosial problemlərinin həlli, uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan, habelə talassemiya, diabet xəstəliyindən əziyyət çəkən uşaqlara yardım, təhsil, mədəniyyət sahəsində gördüyü işləri də yüksək dəyərləndirdilər. Bildirdilər ki, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində son vaxtlar respublikanın regionlarında 130 məktəbin tikilib istifadəyə verilməsi tarixi hadisədir. Xalqını, vətənini sevən hər bir azərbaycanlının qəlbində ümummilli lider Heydər Əliyevin əbədi heykəli var. Gənc nəslin borcu onun zəngin həyatını, elmi-nəzəri irsini öyrənib əxz etməkdir. Fondla tanışlığın hamıda zəngin təəssürat doğurduğu, bu müqəddəs məbədgahın yaranmasında, Heydər Əliyev irsinin tədqiq edilib toplanmasında, təbliğində, dünyaya çatdırılmasında Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımın gördüyü işlərin ən yüksək qiymətə layiq olduğu dönə-dönə diqqətə çatdırıldı. Onun çoxşaxəli fəaliyyətinin cəmiyyətin bütün təbəqələri tərəfindən bəyənildiyi, respublikanın ali qanunvericilik orqanına seçilməsinin xeyriyyəçilik ənənəsinin geniş yayılmasına da müsbət təsir göstərəcəyi vurğulandı.