12 dekabr 2005

Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvləri Heydər Əliyev Fondunda olublar

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü, dekabrın 12-də Heydər Əliyev Fondunda olmuşlar.

 

Dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, ailə həyatını, çoxşaxəli fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, ulu öndərimiz haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq oyatdı.

 

Böyük rəhbərin ömrünün Moskva dövrünü, SSRİ hökumətində ikinci şəxs kimi genişmiqyaslı fəaliyyətinin müxtəlif anlarını əks etdirən şəkillər, Baykal-Amur magistralının çəkilməsində misilsiz xidmətinin təsdiqi olan BAM tikintisinin 1 nomrəli fəxri üzvü vəsiqəsi, SSRİ nümayəndə heyətinin rəhbəri olaraq dünyanın bir sıra ölkələrinə səfərləri, keçirdiyi görüşlər, qanlı 20 Yanvar günü həyatına hər an təhlükə yarana biləcəyindən çəkinməyərək, Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlib Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin xalqımıza qarşı törətdiyi misli görünməmiş qanlı qırğını əsil vətən oğlu kimi ifşa etməsi, Azərbaycanın başına gətirilən bəlanı dünyaya yaymasını göstərən fotosənədlər fenomen şəxsiyyətin şərəfli ömür yolunun səhifələrini bir daha xatirələrdə canlandırır.

 

Bir vaxtlar çoxuşaqlı ailədə işlətdikləri neft lampasından yarım əsr sonra, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edərkən öz iş otağında istifadə etməsini, blokada şəraitində yaşayan bu diyarın həyatında önəmli rol oynayan "Ümid" körpüsünün açılışını əks etdirən və digər çoxsaylı fotolar vətənə həsr olunmuş ömrün müxtəlif anları barədə dolğun təsəvvür yaradır. Fondun əməkdaşları bütün bunlar haqqında ətraflı məlumat verirdilər.

 

Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasında, ölkəmizin dünya birliyinə qovuşmasında qüdrətli liderin qurub yaratdığı, rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının böyük rolunu, onun qurultaylarında iştirakını əks etdirən fotosənədlər qonaqlarda xüsusi qürur hissi doğurdu.

 

Sonra Fondun kinosalonunda ulu öndərə həsr edilmiş "Böyük ömrün anları" filmi göstərildi.

 

Fenomen şəxsiyyətin mahir diplomat, görkəmli siyasətçi, nəcib insan, fikir, ideya, əməl dühası, xalq, millət, vətən fədaisi, mehriban ailə başçısı kimi təqdim olunduğu bu filmdə ulu öndərin dilindən xalq mahnıları, şeirlər, müdrik kəlamlar da səslənir, onun Vətənə, xalqa nə qədər dərindən bağlı olduğu bir daha göz önündə canlanır. Xüsusilə nəvəsi Heydərin dünyaya gəlişindən necə böyük sevinc hissi keçirməsi filmin ən təsirli məqamlarındandır.

 

YAP siyasi şurasının üzvləri Heydər Əliyev Fondunun gördüyü işləri, o cümlədən uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan uşaqlara, talassemiya, diabet xəstəliyindən əziyyət çəkən azyaşlılara yardım, təhsil, mədəniyyət sahəsində fəaliyyətini yüksək dəyərləndirdilər.

 

Fondla tanışlıqdan zəngin təəssürat alan qonaqlar dedilər ki, xalqını, vətənini sevən hər bir azərbaycanlının qəlbində ulu öndərin əbədi heykəli var. Onun zəngin həyatını, elmi-nəzəri irsini öyrənib gənclərə, gələcək nəsillərə çatdırmaq hamımızın borcudur. Heydər Əliyev irsinin tədqiq edilib toplanması, təbliği, dünyaya çatdırılması sahəsində Fondun gördüyü işlər ən yüksək qiymətə layiqdir və cəmiyyətimiz tərəfindən dəstəklənməlidir.