23 fevral 2010

Buxarestdə Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar “Canlı alov – Azərbaycan Təəssüratları” mövzusunda konfrans təşkil olunub

Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Rumıniyada keçirilən silsilə tədbirlər çərçivəsində fevralın 22-də Buxarest şəhəri 2-ci sektorunun Mədəniyyət Mərkəzində “Canlı alov – Azərbaycan təəssüratları” mövzusunda konfrans təşkil olunmuşdur.

 

Tədbir Buxarest Yazıçılar Assosiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilmişdir.

 

Konfransda Buxarest Yazıçılar Assosiasiyasının sədri, doktor Horia Qırbea Azərbaycanla bağlı təəssüratlarını bölüşmüş və fotosərgi nümayiş etdirmişdir. H.Qırbea Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrindən bəhs etmiş, Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu bildirmişdir. Rumın yazıçısı, eyni zamanda, 20 Yanvar hadisələri və Qubadakı kütləvi məzarlıq haqqında faktları diqqətə çatdırmışdır.

 

Sonra səfirliyin əməkdaşı Fəxri Kərimli Ermənistanın ölkəmizə hərbi təcavüzü haqqında ətraflı məlumat vermiş, ermənilərin həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini qeyd etmiş, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu ədalətli mövqeyə görə Rumıniya dövlətinə minnətdarlığını bildirmişdir.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacıyev “Xocalıya ədalət” kampaniyası barədə iştirakçıları məlumatlandırmış, daha sonra Mədəniyyət Mərkəzinin əlaqələndiricisi xanım Mihaela Popesku, Buxarest şəhəri 2-ci sektorunun Gənclər Parlamentinin rəhbəri Aleksandra Dobra, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balan çıxış etmişlər.


Konfransda “TVR Cultural” televiziyası, “Radio Romania”, “Romania Literara”, “Luceafarul”, “Cultura”, “Viata Romeanasca”, “Observatorul Cultural”, “Evenimentul Zilei”, “Adevarul”, “Jurnalul National” qəzetlərinin, “Rompress”, “Mediafax”, “Newsin” xəbər agentliklərinin nümayəndələri iştirak etmişlər.


Tədbirdə səfirliyin və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə rumın dilinə tərcümə olunmuş Azərbaycan müəlliflərinin kitabları və Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” seriyasından olan kitabçalar nümayiş etdirilmiş və iştirakçılar arasında paylanmışdır.

 

Konfransda Rumıniya Yazıçılar İttifaqı və Buxarest Yazıçılar Assosiasiyasının rəhbərliyi, mədəniyyət, elm xadimləri, diplomatlar, sənətkarlar, yazıçılar, jurnalistlər və tələbələr, türk və tatar icmalarının nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

 

Bundan əlavə, Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor Horia Qırbeanın Xocalı faciəsi haqqında məqaləsi “Lucefarul” jurnalında yaxın günlərdə çap olunacaq, fevralın 26-da Xocalı faciəsinin 18-ci ildönümü və “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə bağlı səfirlik və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi tərəfindən geniş tədbir keçiriləcəkdir.