29 mart 2010

Buxarestdə “Canlı alov – Azərbaycan təəssüratları” konfransı təşkil edilib

29 mart 2010-cu ildə Buxarest şəhərindəki Aqronomiya və Tibbi Elmləri Universitetində “Canlı alov – Azərbaycan təəssüratları” konfransı təşkil olunmuşdur. Tədbir Buxarest Yazıçılar Assosiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilmişdir.


Konfransda Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor Horia Qırbea Azərbaycan təəssüratlarını bölüşmüş və fotosərgi nümayiş etdirmişdir. H.Qırbea Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən bəhs etmiş və erməni silahlı qüvvələri tərəfindən XX əsrin ən qanlı səhifələrindən biri adlandırdığı Xocalı faciəsi zamanı törədilən vəhşiliklərin üzərində xüsusilə dayanmışdır. Rumın yazıçısı eyni zamanda 20 yanvar hadisələri və Quba kütləvi məzarlığı haqqında faktları təqdim etmişdir.

 

H.Qırbea qeyd etmişdir ki, xristian dininin dövlət dini elan edildiyi ilk ölkənin Ermənistan olmadığı və Azərbaycanda daha erkən xristian abdələrinin aşkar edilməsi haqqında onun səsləndirdiyi fikirlər Rumıniya Yazıçılar İttifaqındakı erməni mənşəli yazıçılar tərəfindən dərin narahatlıqla qarşılanmış və ona bu kimi fikirləri bir daha səsləndirməməsi məqsədilə iradlar tutulmuşdur.

 

Tədbirdə Səfirlik və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə rumın dilinə tərcümə olunmuş Azərbaycan müəlliflərinin kitabları və Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” seriyasından olan kitabçalar nümayiş etdirilmiş və iştirakçılar arasında yayılmışdır. Konfransın sonunda tədbir iştirakçılarının Azərbaycanla bağlı çoxsaylı sualları cavablandırılmışdır.

 

Konfransda Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacıyev, Rumıniya Yazıçılar İttifaqı və Buxarest Yazıçılar Assosiasiyasının rəhbərliyi, Buxarest şəhərindəki Aqronomiya Elmləri və Tibb Universitetinin rəhbərliyi, vaxtilə Rumıniyanın Azərbaycandakı səfirliyində işləmiş diplomatlar, Azərbaycan diasporunun üzvləri, qeyd olunan ali məktəbin 200-dən çox tələbə və magistrantı iştirak etmişlər.

 

Yazıçı H. Qırbea bu silsilədən olan bənzər tədbirlərin Rumıniyanın digər ali təhsil müəssisələrində təşkil etmək niyyətini bildirmişdir.