20 fevral 2009

Heydər Əliyev Fondu Xocalı soyqırımı ilə bağlı təbliğat materialları hazırlayıb

Heydər Əliyev Fondunun dəstəyi ilə bu il Xocalı faciəsinin ildönümü Azərbaycanın xarici ölkələrdəki 50-yə yaxın səfirlik, konsulluq və nümayəndəliklərinin xətti ilə qeyd olunacaqdır.

 

Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Tbilisi və digər şəhərlərdə silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub.

 

Anma mərasimlərində Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, Heydər Əliyev Fondunun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar nümayiş olunacaqdır.

 

Eyni zamanda, Fondun hazırladığı “Qarabağ həqiqətləri” toplusunun və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabının nümayişi də nəzərdə tutulmuşdur.