27 fevral 2009

Parisdə Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 27-də Parisin ən möhtəşəm otellərindən biri olan “Westin”in “Napoleon” zalında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyi və Fransa-Azərbaycan Dostluq Assosiasiyası Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş tədbir keçirmişlər.

 

Tədbirdən əvvəl iştirakçılar Azərbaycan həqiqətlərini və Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Heydər Əliyev Fondu tərəfindən fransız və ingilis dillərində nəşr olunmuş kitab və broşüralardan, faciə ilə bağlı balaca rəssamların çəkdikləri rəsm əsərlərindən, xarici mətbu orqanlarında dərc edilmiş məqalələrdən ibarət sərgi ilə tanış olmuşlar.

 

Sonra tədbiri açmış ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Eleonora Hüseynova tarixən musiqini, mədəniyyəti, incəsənəti sevən xalqımızın ötən əsrdə başına gətirilmiş bəlalardan, ərazilərimizin 20 faizinin mənfur qonşumuz tərəfindən işğal edilməsindən, Azərbaycanın Xocalı şəhərində dünyada görünməmiş vəhşiliklər törədilməsindən, dinc sakinlərin amansızlıqla qətlə yetirilməsindən, hər il fevral ayının sonlarında bu böyük faciənin xalqımız tərəfindən ürək ağrısı ilə anılmasından söhbət açmışdır.

 

Səfir İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin hüdudlarından kənarda “Xocalıya ədalət” beynəlxalq kampaniyasının keçirildiyini xatırlatmış, tədbir iştirakçılarını bu kampaniyaya qoşulmağa çağırmışdır.

 

Mərasimdə fevralın 25-dən 26-na keçən gecə qana susamış erməni hərbi birləşmələrinin Xocalıda törətdikləri soyqırımından bəhs edən sənədli film nümayiş etdirilmişdir. Filmdə erməni amansızlığının qurbanı olmuş günahsız insanların təsvir edilməsi tamaşaçılarda dərin kədər hissi oyatmışdır.

 

Sonda Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş musiqi nömrələri səsləndirilmişdir.