3 mart 2009

Heydər Əliyev Fondunun dəstəyi ilə Avropa Parlamentində Xocalı soyqırımının ildönümü anılıb

Martın 3-də Heydər Əliyev Fondunun dəstəyi ilə Avropa Parlamentinin binasında Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

 

Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımına dair fotosərgi ilə tanış olmuşlar.

 

Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin başçısı Emin Eyyubov keçən əsrin ağrılı və acılı səhifəsi olan Xocalı faciəsi barədə ətraflı məlumat vemişdir.

 

Avropa Parlamentinin deputatı Jizel Kalenbax çıxış etmiş və iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir.


ABŞ-ın Ceymstaun Fondunun aparıcı tədqiqatçısı Vladimir Sokor Xocalı soyqırımı ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.

 

Tədbirdə İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya ədalət” beynəlxalq kampaniyası barədə məlumat verilmiş və bu aksiyaya dəstək məqsədi ilə imza toplanmışdır.

 

Zalda quraşdırılmış ekranda Xocalı soyqırımı qurbanlarının adları qeyd olunmuşdur.

 

Tədbirdə Avropa Parlamentinin deputatları, Avropa İttifaqında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və Azərbaycan icmasının üzvləri iştirak etmişlər.