RUMINIYA-UNIVERSITET-AZARBAYCAN-KONFRANS.jpg
13 dekabr 2010

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə Buxarestdəki Rumın-Amerikan universitetində Azərbaycana həsr olunmuş konfrans keçirilib

2010-cu il dekabrın 13-də Buxarestdəki Rumın-Amerikan Universitetində (RAU) Azərbaycana həsr olunmuş konfrans keçirilmişdir. Tədbir universitet rəhbərliyinin, Buxarest Yazıçılar Assosiasiyasının, Azərbaycanın Rumıniyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə keçirilmişdir.


Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor Horia Qırbya tədbirdə çıxış edərək Azərbaycan haqqında təəssüratlarını danışmış, Azərbaycana dair əlamətdar məqamları özündə ehtiva edən və şəxsən özünün müəllifi olduğu fotosərgini nümayiş etdirmişdir. H.Qırbya Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən bəhs etmiş və XX əsrin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi zamanı erməni silahlı qüvvələri tərəfindən törədilən vəhşiliklərin üzərində xüsusilə dayanmışdır. Rumın yazıçısı, eyni zamanda, 20 Yanvar hadisələri, azərbaycanlıların soyqırımı və Quba kütləvi məzarlığı haqqında da ətraflı məlumat vermişdir. H.Qırbya qeyd etmişdir ki, xristianlığın dövlət dini elan edildiyi ilk ölkə Ermənistan deyildir və Azərbaycanda daha erkən dövrlərə aid xristian abidələrinin aşkar edilməsi bu faktı bir daha sübut edir.

 

Konfransın sonunda Rumın-Amerikan Universitetinin rektoru doktor Ovidiu Folkuts, Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor H.Qırbya, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İ.Hacıyev və səfirliyin humanitar məsələlər üzrə attaşesi F.Kərimli tədbir iştirakçılarının Azərbaycanla bağlı, o cümlədən Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin kökləri və Azərbaycan dövlətinin problemin həllinə dair mövqeyi ilə bağlı çoxsaylı suallarını cavablandırmışlar.


FOTO