Sentyabrın 7-də İndoneziya Milli Kitabxanasında Azərbaycan fondunun yaradılmasına həsr olunmuş tədbir keçirilmişdir.
İndoneziya Milli Kitabxanasında Azərbaycan fondu Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmışdır.
Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev tədbirdə çıxış edərək İndoneziya ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirmişdir. Səfir demişdir ki, İndoneziya Milli Kitabxanasında çap və elektron nəşrlərdən ibarət Azərbaycan fondunun yaradılması Prezident İlham Əliyevin ölkəmizin dünyada daha geniş tanıdılması ilə bağlı ölkəmizin diplomatik nümayəndəlikləri qarşısında qoyduğu vacib vəzifələrdən biridir.
İ.Hacıyev M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında qarşılıqlı olaraq İndoneziya fondunun yaradılacağına ümidvar olduğunu bildirmişdir.
İndoneziya Milli Kitabxanasının direktoru vəzifəsini icra edən Lilik Sulistiovati Azərbaycan fondunun yaradılmasını yüksək qiymətləndirmiş, onun Azərbaycan ilə İndoneziya arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını və Azərbaycan tərəfi ilə əməkdaşlığı davam etdirmək əzmini ifadə etmişdir.
İ.Hacıyev Azərbaycanın geostrateji mövqeyi, tarixi, müasir həyatı, inkişafı, regionda və beynəlxalq aləmdə artan nüfuzu, beynəlxalq və regional layihələrdə aparıcı rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir.
Fond Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm imkanları, daxili və xarici siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorçuluğu və digər sahələri əks etdirən materiallardan, o cümlədən “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev: “Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol vermərik”, “Prezident İlham Əliyev və mədəniyyət”, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuş “Humanizm və xeyirxahlıq missiyası”, Heydər Əliyev Fondunun hazırladığı “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabları, Nizami Gəncəvinin ədəbi-fəlsəfi irsinin nümunələri, Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə səfirliyin hazırladığı kitab və DVD-lərdən ibarətdir.
Azərbaycan və İndoneziya Milli Kitabxanaları arasında əməkdaşlıq haqqında memorandum layihəsi razılaşdırılır.