5.JPG
17 dekabr 2009

Bakıda Azərbaycan uşaqlarının I forumu işə başlayıb

Dekabrın 17-də Bakıda Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və “Nur” Uşaq və Gənclərin İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan uşaqlarının I Forumu işə başlamışdır.


Azərbaycanda “Uşaq ili”nin yekunlarına və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20 illiyinə həsr olunmuş forumda respublikanın müxtəlif bölgələrindən 250-dən cox uşaq iştirak etmişdir. Uşaqların özlərinin aparıcılıq etdikləri forumda onları maraqlandıran bütün məsələlər geniş müzakirə olunmuşdur.

 

Forum Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.

 

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın forum iştirakçılarına təbrik məktubu oxunmuşdur.

 

Məktubda deyilir ki, uşaqlar cəmiyyətimizin ən zərif hissəsidir. İnsana uşaqlıqda göstərilən qayğı və məhəbbət onun gələcək fiziki sağlamlığının, mənəvi saflıq və zənginliyinin rəhnidir. Fəxrlə deyə bilərik ki, Azərbaycan cəmiyyəti tarixən uşaqlara ən xoş münasibət və qayğının örnəyi olmuşdur. Bu gün uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün gözəl şərait yaradılmışdır.

 

Baş nazirin müavini Elçin Əfəndiyev forumun əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaq hüquqlarının hərtərəfli müdafiəsini əhatə edən beynəlxalq sənəddir. Artıq Azərbaycan dövləti BMT-nin müvafiq komitəsinə 4 dövri hesabatı təqdim etmişdir. Bu, Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümündə respublikamızda həmin sahəyə diqqətin daha da artmasının göstəricisidir.

 

Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təsadüfi deyildir ki, hətta qlobal iqtisadi böhran fonunda Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan etmişdir.

 

Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin şəxsiyyət, layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin ulu öndərimiz Heydər Əliyevin ənənələrindən gələn başlıca prinsiplərindəndir.

 

E.Əfəndiyev demişdir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artması ilə nəticələnmişdir. Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların müasir tələblərə uyğun təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. Azərbaycan hökumətinin bu ilin oktyabrında BMT ilə birgə “Azərbaycanda uşaqların müdafiəsi islahatı” mövzusunda keçirdiyi konfrans bu istiqamətdə görülən işlərə güclü təkan vermişdir.

 

Baş nazirin müavini 1999-cu ildə BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə əlaqədar Azərbaycanda “ Uşaq hüquqları haqqında” Qanunun qəbul edildiyini diqqətə çatdırmışdır. Ötən illər ərzində milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilmişdir. Hazırda ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş 30-dan artıq dövlət proqramı həyata keçirilməkdədir.

 

Uşaq problemləri sahəsində digər məsələlərin həllinə ictimaiyyətin, o cümlədən qeyri-hökumət təşkilatlarının, özəl sektorun, beynəlxalq təşkilatların cəlb edilməsi də qarşıda duran vəzifələrdəndir. Regionlarda sağlam həyat tərzi ilə bağlı kütləvi maarifləndirmə işlərinin aparılması da çox vacibdir.

 

Milli Məclis sədrinin müavini Bahar Muradova uşaqların inkişafı, onların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Milli Məclisdə bununla bağlı 15-dək konvensiya ratifikasiya olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən fərman və sərəncamlar imzalanmışdır. Bu sahədə çoxsaylı dövlət proqramları mövcuddur. Uşaq hüquqlarının tam şəkildə reallaşması, hər bir uşağın öz potensialını göstərə bilməsi üçün mükəmməl hüquqi baza yaradılmışdır.

 

AQUPDK-nın sədri Hicran Hüseynova tədbirdə çıxış edərək demişdir ki, bütün dünyanı iqtisadi böhran bürüdüyü indiki şəraitdə aparılan inamlı sosial siyasət, islahatlar Azərbaycanın gələcək vətəndaşlarına öz sabahlarına inamla baxmaq imkanı verir. 2009-cu ilin “Uşaq ili” elan edilməsi dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin uşaqların problemlərinə cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazımi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılmışdır.

 

“Nur” Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova bildirmişdir ki, Prezident İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi uşaqların inkişafında çox mühüm tarixi hadisəyə çevrilmişdir. Dövlət tərəfindən görülən işlər Azərbaycan uşaqlarının firavan yaşaması, böyüməsi, təhsil alması, öz istedadlarını cəmiyyətə göstərməsi üçün lazım olan bütün imkanları, şəraiti yaratmışdır.

 

Tədbirdə bildirilmişdir ki, Mehriban xanım Əliyeva forum tərəfindən “Qızıl ürək” mükafatı ilə təltif olunmuşdur.

 

Forum öz işini işçi qruplarında davam etdirmişdir. İşçi qruplarında uşaqları düşündürən ən mühüm mövzular ətrafında ekspertlərin iştirakı ilə müzakirələr aparılmış, təqdimatlar keçirilmişdir.

 

Forumun sonunda Prezident İlham Əliyevə müraciət və yekun bəyannamə qəbul ediləcəkdir.

 

Forum dekabrın 18-də başa çatacaqdır.


FOTO