24 fevral 2008

Berlində “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” mövzusunda elmi konfrans keçirilib

Fevralın 24-də Berlində “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans keçirilmişdir.

 

Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin, Qarsdakı Baş konsulluğunun və İğdır bələdiyyəsinin təşkilatçılığı ilə keçirilmiş konfransı ölkəmizin səfiri Pərviz Şahbazov və İğdır bələdiyyəsinin sədri Nurəddin Araz açmışlar.

 

Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin deputatı Fəzail İbrahimli, Türkiyə Tarix Qurumunun sədri, professor Yusif Halaçoğlu, tarix elmləri doktoru Kərim Şükürov, professor Ənvər Konukçu, Türklərə Qarşı Soyqırımı Araşdırmalar Fondunun sədri Səfa Yürükel, Giresun Universitetinin professoru Aygün Attar və digərlərinin məruzələri dinlənilmişdir.

 

Çıxışlarda və məruzələrdə vurğulanmışdır ki, erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin bariz nümunəsi, bəşəriyyət tarixində ən amansız və qanlı qırğınlardan biri olan Xocalı faciəsinə beynəlxalq hüququn bütün tələbləri ilə qiymət verilməlidir.

 

Professor Yaqub Mahmudov bildirmişdir ki, ermənilərin Azərbaycana qarşı torpaq iddialarının və bu ərazilərin tarixən ermənilərə məxsus olması barədə söylədiklərinin heç bir elmi əsası yoxdur. Hələ qədim yunan alimi Herodot öz əsərlərində ermənilərin Şərqi Anadolu ərazisinə gəlmə olduqlarını, onların tarixən məskunlaşdıqları Balkan yarımadasından buraya köç etdiklərini yazırdı.

 

Tarixçi alim Kərim Şükürov ermənilərin təkcə ötən əsrdə Azərbaycana qarşı 351 dəfə müxtəlif təcavüz aktı törətdiyini söyləmişdir. O demişdir ki, 1905, 1915-17, 1920, 1948-50, 1988, 1991-94-cü illər bu təcavüz aktlarının daha kəskin şəkildə baş verdiyi dövrlərdir. Eyni zamanda, onlar beynəlxalq aləmdə Azərbaycan və Türkiyəyə qarşı genişmiqyaslı ideoloji təbliğat-təxribat aparırlar.

 

Professor Yusif Halaçoğlu ki, 1915-ci ildə Türkiyədə baş verən hadisələrdən danışaraq bildirmişdir ki, o vaxt ermənilərə qarşı heç bir soyqırımı olmamışdır. İngiltərə və Fransa arxivlərindəki sənədlər də sübut edir ki, həmin dövrdə Osmanlı imperiyasında cəmi 1,3 milyon erməni yaşayırdı və 1,5 milyon insanın soyqırıma məruz qalması uydurmadır. İndiyədək Türkiyədə o illərə aid heç bir kütləvi erməni məzarlığının aşkarlanmadığını vurğulayan alim demişdir ki, bunun əksinə olaraq, Türkiyə və Azərbaycan ərazisində ermənilər tərəfindən qətlə yetirilmiş günahsız insanların uyuduğu çoxlu sayda belə məzarlıq vardır. Onlardan sonuncusu bu yaxınlarda Azərbaycanın Quba rayonu ərazisində aşkarlanmışdır.

 

Konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Xocalı uşaqların gözü ilə“ sərgisi nümayiş etdirilmiş, Xocalı faciəsinə və Azərbaycana qarşı erməni təcavüzünə həsr olunmuş kitablar paylanmışdır.