25 fevral 2008

Ankarada Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilib

Heydər Əliyev Fondu və Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 16-cı ildönümü münasibətlə Ankarada tədbirlər keçirmişlər.

 

Fevralın 25-də Ankaranın Keçiörən rayonundakı Esterqon qalasında soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulmuşdur. Səfir Zakir Həşimov və Keçiörən bələdiyisinin sədri Turqut Altınok Xocalı soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş əbədi məşəli alovlandırmışlar.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Onların ruhuna dualar oxunmuşdur.

 

Keçiörən bələdiyəsinin nümayəndələri, siyasətçilər, ictimaiyyətin nümayəndələri, Türkiyədə təhsil alan müdavim və tələbələrimiz, səfirliyin əməkdaşları, media nümayəndələrinin iştirak etdikləri mərasimdə çıxış edən Zakir Həşimov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyənin millət vəkili Haluk İpək, Keçiörən bələdiyisinin sədri Turqut Altınok, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Salman ermənilərin Türkiyə və Azərbaycan xalqlarına qarşı törətdikləri qətliamlardan, Xocalıda günahsız insanların vəhşicəsinə qətlə yetirilməsindən bəhs etmiş, iki qardaş xalqın məkrli düşmənə qarşı mübarizəsinin getdikcə gücləndiyini vurğulamışlar.

 

Həmin gün Heydər Əliyev Fondu, “Türk dünyası Qadınları Dostluq və Həmrəylik Dərnəyi” (TDQDHD) və ölkəmizin Ankaradakı səfirliyinin təşkil etdikləri “Xocalı qətliamının 16-cı ildönümü” konfransı keçirilmişdir.

 

Türk Standartlar İnstitutunun konfrans salonunda keçirilmiş tədbirdə Türkiyədə fəaliyyət göstərən bütün siyasi partiyalar, səfirliklər, ictimaiyyətin, ziyalıların və mətbuat nümayəndələri ilə yanaşı, bu ölkədə təhsil alan müdavim və tələbələr iştirak etmişlər. Salonun foyesində Heydər Əliyev Fondunun hazırladığı, soyqırımı əks etdirən fotolar və kitablardan ibarət sərgi nümayiş etdirilmişdir.

 

Tədbirdən əvvəl Heydər Əliyev Fondunun hazırladığı “Xocalı qətliamı” filmi nümayiş etdirilmişdir.

 

Filmdəki dəhşətli kadrları seyr edən Türkiyənin millət vəkilləri Şenol Bal, Mövlud Çavuşoğlu, keçmiş daxili işlər naziri İsmət Sezgin bu qətliamın bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri olduğunu söyləmişlər. Bildirmişlər ki, Türkiyə və Azərbaycanın dövlət nümayəndələri, parlament üzvləri, ziyalıları bu həqiqətləri bütün dünyaya çatdırmalı, ermənilərin iç üzünü göstərməlidirlər.

 

Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov ölkəmizə daim dayaq olduğu üçün qardaş Türkiyə xalqına və rəhbərliyinə minnətdarlığını bildirmişdir. O vurğulamışdır ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Almaniyanın Münhen şəhərindəki çıxışında bir daha ermənilərə sərt cavab vermiş, onların Qarabağdan çıxmasını tələb etmişdir.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Xocalı faciəsinin baş verdiyi ağır illəri xatırlamış, ermənilərin qəddarlıqla qətlə yetirdiyi uşaqları öz əlləri ilə dəfn etdiyini söyləmişdir. Bildirmişdir ki, o zaman Mixail Qorbaçova xidmət edən və öz xalqına qənim kəsilən rəhbərlər – Vəzirov, Mütəllibov öz cəzalarını almalıdırlar. Böyük sarsıntılar keçirən Azərbaycan xalqı yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra birləşdi və faciələrin qarşısı alındı. Şeyxülislam vurğuladı ki, bu gün prezidentlər İlham Əliyev, Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri ermənilərə layiqli cavab verməyə imkan yaradır.

 

Konfransda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, nazirlər, millət vəkillərinin Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar başsağlığı teleqramları oxunmuşdur.

 

Tədbirdə çıxış edən Qənirə Paşayeva, Gündüz Aktan və Şenol Bal əsrlər boyu ermənilərin və onların havadarlarının Azərbaycan və Türkiyə xalqlarına qarşı apardıqları təcavüzkar siyasətdən, törətdikləri qətliamlardan ətraflı bəhs etmişlər.

 

Konfransın sonunda azərbaycanlı tələbələrin hazırladığı “Xocalı qətliamı” tamaşası nümayiş etdirilmişdir.