26 fevral 2008

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar anma mərasimi keçirilib

Xocalı faciəsinin 16-cı ildönümü ilə bağlı fevralın 26-da Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyində anma mərasimi keçirilmişdir.

 

Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmasının təmsilçiləri, diplomatik korpusun və KİV nümayəndələri iştirak etmişlər.

 

Səfir Eldar Həsənov Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmaz, dəhşətli və qanlı səhifəsi olduğunu söyləyərək, ermənilər tərəfindən törədilən qırğınlardan danışmış, Xocalıda baş verən bu vəhşiliklərin bəşəriyyətə qarşı törədilən cinayət olduğunu vurğulamışdır.

 

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev, səfirliyin müşaviri Tural Rzayev, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan azərbaycanlılar Xocalı faciəsinin dəhşətlərindən danışmışlar.

 

Tədbirdə Xocalı faciəsinin dəhşətlərini əks etdirən sənədli film və Xarici İşlər Nazirliyinin Heydər Əliyev Fondunun dəstəyi ilə hazırladığı Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistandakı mədəni sərvətlərimizə həsr olunmuş “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” adlı kitab nümayiş etdirilmişdir.

 

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən təqdim olunan və Xocalı faciəsinin dəhşətlərini əks etdirən “Xocalı uşaqların gözü ilə” adlı sərgi ilə tanış olmuşlar.

 

Anma mərasiminin iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” toplusu, “Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)” adlı kitablar, səfirliyin təşəbbüsü ilə rumın dilində çapdan çıxmış “Xocalı faciəsi” və avstriyalı yazıçı Erik Fayqlın “Erməni mifomaniyası” kitabları, digər məlumatlar təqdim olunmuşdur.

 

Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar səfirliyin hazırladığı mətbuat məlumatı Rumıniyada akkreditə olunan xarici səfirliklərə, beynəlxalq təşkilatların nümayəndəliklərinə, dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, ölkədəki kütləvi informasiya vasitələrinə göndərilmişdir.

 

Xocalı soyqırımı ilə əlaqədar məqalələr Rumıniyanın “Replika”, “Hayat”, “Zaman”, “Gürbətçi”, “Anayurt” qəzetlərində çap olunmuş, OTV, DDTV televiziya kanallarında və “Radio Buxarest İnternational” radiosunda xəbərlər yayımlanmışdır.