27 fevral 2008

Moskvada “Xocalı. 16 il sonra” mövzusunda elmi-praktik konfrans keçirilib

“Xocalı faciəsi öz miqyasına və qəddarlığına görə bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sıraya qoyula bilər”. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bu sözləri Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən fevralın 27-də Moskvada təşkil edilmiş “Xocalı. 16 il sonra” mövzusunda elmi-praktik konfransda demişdir.

 

Leyla Əliyeva qeyd etmişdir ki, Xocalı faciəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsi olmuşdur. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmişdir. O demişdir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərini zəbt etmiş və şəhərin 613 dinc sakinini, o cümlədən 106 qadını, 63 uşağı və 70 nəfər ahıl insanı amansızlıqla qətlə yetirmişlər. Xocalı yaraları hər bir azərbaycanlının ürəyində əbədi qalacaqdır”.

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri daha sonra demişdir ki, Azərbaycan üçün çox ağır və çətin illər arxada qalıb və indi ölkəmiz günbəgün inkişaf edir, çiçəklənir. Onun sözlərinə görə, Azərbaycan iqtisadi artım sürətinə görə dalbadal üçüncü ildir ki, dünyada birinci yeri tutur, insanların həyat səviyyəsi yaxşılaşır, əhalinin əmək haqqı və pensiyalar artır, işsizlik və yoxsulluq azalır.

 

Azərbaycan hökumətinin qaçqınların və məcburi köçkünlərin problemlərinə böyük diqqət yetirdiyini xüsusi olaraq vurğulayan Leyla Əliyeva çıxışının sonunda demişdir: “Ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkün olmasına baxmayaraq, bu gün bircə çadır şəhərciyi də qalmamışdır, qaçqınların və məcburi köçkünlərin hamısı üçün normal həyat şəraiti yaradılmışdır”. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycan xalqının heç bir nümayəndəsi torpaqlarımızın işğal edilməsi ilə barışmayacaqdır. Leyla Əliyeva demişdir: “Artıq 15 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi gedir. Biz çox ümid edirik ki, dünya birliyi səsimizi eşidəcək və bu problem tezliklə öz ədalətli həllini tapacaqdır, çünki bu gün dünyada özgə torpaqlarının işğalına, təcavüzə və kütləvi qətllərə yer yoxdur. Mən inanıram ki, azərbaycanlılar lap yaxın gələcəkdə öz doğma torpaqlarına qayıdacaqlar”.

 

Azərbaycan XİN Xarici Siyasətin Planlaşdırılması və Strateji Araşdırmalar İdarəsinin rəisi Tofiq Musayevin sözlərinə görə, Xocalı şəhərində azərbaycanlı əhalinin məhv edilməsi soyqırımı kimi tövsif edilir. O qeyd etmişdir ki, Xocalıda baş vermiş faciəli hadisələrlə bağlı bütün faktlar göstərir ki, işğalçıların hərəkətlərinin məqsədi şəhərin sakinlərini yalnız azərbaycanlı olduqlarına görə kütləvi şəkildə məhv etməkdən ibarət olmuşdur. Azərbaycan XİN nümayəndəsi vurğulamışdır ki, dövlət səviyyəsində görülən tədbirlər, eləcə də mövcud hüquqi çərçivələr Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımına görə cinayətkarların cəzalandırılmasının labüdlüyünə olan inamı gücləndirir. Azərbaycan Prezidenti İcra Aparatının siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov konfrans iştirakçılarının diqqətini erməni təbliğat maşınına fəal informasiya fəaliyyətinin qarşı qoyulmasının vacibliyinə yönəltmişdir. Onun sözlərinə görə, tarixçilər, siyasətçilər, gənclər və kütləvi informasiya vasitələri cəlb edilməklə bu cür kütləvi tədbirlərin keçirilməsi zəruridir. Bununla əlaqədar o, dövlətimizin səylərini və Xocalı faciəsinə, Ermənistan-Azərbaycan münaqişəsinə dair informasiya materiallarının yayılmasında Heydər Əliyev Fondunun fəal mövqeyini xüsusi qeyd etmişdir.

 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, MDU, Seçenov adına Tibb Akademiyası və Moskva Dövlət Linqvistika Universiteti kimi tanınmış ali məktəblərin tələbələri, aspirantları və magistrləri Ermənistan-Azərbaycan münaqişəsinin tarixi-hüquqi və siyasi aspektləri, bu münaqişənin nəticələri haqqında məruzələrlə çıxış etdilər. Konfrans iştirakçıları tələbələrdən Olqa Kuraşın “80-ci illərin axırları – 90-cı illərin əvvəllərində Qarabağ münaqişəsinin tarixi”, Andrey Kurakinin “Xocalı soyqırımı beynəlxalq cinayət kimi”, Natiq Əliyevin “Ermənistan-Azərbaycan münaqişəsinin siyasi-hüquqi aspektləri”, Ceyhun Hüseynovun “Qarabağın tarixi”, Anarə Axundovanın “90-cı illərdə Qarabağ haqqında jurnalist işlərinin nümunələri” və Əşrəf Həsənovun “Xocalı soyqırımının azərbaycanlı qaçqınlar üçün nəticələri” mövzusunda məruzələrini böyük maraqla dinlədilər.

 

Tədbirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş Xocalıda azərbaycanlıların soyqırımı haqqında qısametrajlı sənədli film nümayiş etdirildi, Moskva Dövlət Linqvistika Universitetinin tələbələri Polina Sousnikova, Mariya Ryabova, İlya Ostaşko və Dəmir İzmailov Xocalı faciəsi haqqında Azərbaycan dilində şeirlər oxudular.

 

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu Xocalı faciəsi və Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyinin siyasəti barədə söz açdı və gəncləri daha fəal və təşəbbüskar olmağa çağırdı. Səfir dedi: “Azərbaycanın siyasi rəhbərliyi, Prezident İlham Əliyev bizi qələbəyə, uğurlara doğru aparacaq və cinayətlərin təqsirkarları cəzalandırılacaqdır”.

 

Tədbirin keçirildiyi “Yunost” mehmanxanasının foyesində Xocalı faciəsinə həsr olunmuş ekspozisiya təşkil edilmişdi.