Mayın 20-də Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim edilmişdir.
YUNESKO-nun baş direktoru Koişiro Matsuura və qurumun xoşməramlı səfiri Mehriban xanım Əliyeva konsertdə olmuşlar.
Konsert proqramından əvvəl YUNESKO-nun mənzil-qərargahında azərbaycanlı uşaqların rəsmlərindən ibarət sərgi açıldı. Sərgidə 5-15 yaşlı uşaqların müxtəlif mövzularda rəsmləri nümayiş etdirilirdi. Simurq quşu rəsmi daha çox maraq doğurdu və məhz həmin rəsm tədbirin bir növ rəmzi seçilmişdi.
Sərgi ilə yanaşı, Azərbaycan mətbəxi də nümayiş etdirildi. Qonaqlar Azərbaycan mətbəxinin dünyanın ən qədim, ən zəngin və dadlı mətbəxlərindən biri olduğunu əyani şəkildə gördülər. Bir daha sübut olundu ki, 2 minədək yemək növünü əhatə edən Azərbaycan mətbəxi, təkcə xörəklər, onların hazırlanma texnologiyasından ibarət deyil, həm də maddi mədəniyyətin mühüm hissəsidir.
“Azərbaycanın xoşməramlı mələkləri” konsert proqramından əvvəl YUNESKO-nun baş direktoru çıxış etdi.