15 yanvar 2007

Heydər Əliyev Fondu Azərbaycanı Fransada təbliğ etmək sahəsində məqsədyönlü fəaliyyət göstərir

YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu zəngin mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi, Azərbaycan həqiqətlərini, xalqımızın başına gətirilmiş faciələri Fransada da təbliğ etmək sahəsində məqsədyönlü fəaliyyət göstərir.

 

Fond 1999-cu ildən Azərbaycan dilinin tədris olunduğu Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunun kitabxanasına nəfis şəkildə çap olunmuş kitablar hədiyyə etmişdir. 150 nüsxədən ibarət 100 adda elmi və bədii ədəbiyyat arasında qədim, klassik və müasir Azərbaycan ədəbiyyatından nümunələr, aşıq poeziyasından və şifahi xalq ədəbiyyatından seçmələrlə yanaşı, lüğətlər, ensiklopediyalar, fondun fəaliyyətini və Qarabağ həqiqətlərini əks etdirən nəşrlər vardır.

 

Azərbaycan Respublikasının YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Eleonora Hüseynova bu günlərdə Heydər Əliyev Fondunun hədiyyəsini institutun rektoruna təqdim etmişdir. E.Hüseynova Fondun prezidenti Mehriban xanım Əliyevanın institut rəhbərliyinə səmimi salamlarını çatdırmış, Fondun fəaliyyəti barədə məlumat vermiş, Fransanın ən qədim elm və təhsil ocaqlarından olan bu institutda Azərbaycan dilinin tədrisinə ayrılan saatların artırılacağına, fakültativ kursun ixtisas kursuna çevriləcəyinə və onu bitirənlərə diplom veriləcəyinə ümidvar olduğunu bildirmişdir.

 

Rektor qiymətli hədiyyəyə, Azərbaycan dilinin tədrisinə xüsusi diqqət və qayğı göstərdiyinə görə Mehriban xanıma minnətdarlığının çatdırılmasını xahiş etmişdir. O, Azərbaycanla institut arasında olan işgüzar əlaqələri xüsusi vurğulamış, kitabların həm dərs vəsaiti, həm də elmi axtarışlar baxımından qiymətli olduğunu bildirmişdir.

 

Rektor səfiri Azərbaycan dilinin tədrisinə daha böyük diqqət göstəriləcəyinə, qaldırılan məsələlərin müsbət həllini tapacağına əmin etmişdir. 


Paylaş: