9 fevral 2007

Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayılmasına öz töhfəsini verir

XX əsrin qanlı faciələrindən olan Xocalı soyqırımının 15-ci ildönümü ərəfəsində Heydər Əliyev Fondu xüsusi layihə hazırlamışdır. Layihə çərçivəsində erməni terror dəstələrinin Xocalıda törətdiyi vəhşiliklərə dair Rusiya, Türkiyə, Fransa, Macarıstan, Rumıniya, Belçika, Almaniya, Çexiya, Gürcüstan və İsveçrədə silsilə tədbirlər keçiriləcəkdir. Həmin ölkələrdə min ildən artıq tarixi olan Xocalının ağır tank və digər zirehli hərbi texnikanın gücü ilə yer üzündən silinməsi, körpə, uşaq, qoca, qadına fərq qoymadan insanların amansızlıqla, ağlasığmaz vəhşiliklə qətlə yetirilməsi, əsirlərə görünməmiş işgəncələrlə divan tutulmasını əks etdirən fotosənədlərdən ibarət sərginin təşkili və ingilis, fransız, alman, rus, macar dillərində bu faciədən bəhs edən bukletlərin təqdim edilməsi nəzərdə tutulmuşdur. Sərgidə Fondun keçirdiyi "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsindən seçmələr, müxtəlif illərdə xarici ölkələrdəki nüfuzlu nəşrlərdə Xocalı soyqırımına dair dərc olunmuş yazılardan hazırlanmış materiallar da nümayiş etdiriləcəkdir.

 

Heydər Əliyev Fondu ötən il bir neçə dildə hazırladığı "Qarabağ həqiqətləri" bukletlər toplusunu beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mühüm tədbirlər görmüşdür. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə xüsusi önəm verən Heydər Əliyev Fondu bu il də Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Ankara, Tbilisi və dünyanın digər şəhərlərində minlərlə insanı fotosənədlərin təkzibedilməz dili ilə qanlı Xocalı faciəsi, erməni vandalizmi ilə tanış edəcək, dünya ictimaiyyətinin bu soyqırımı haqqında obyektiv və dürüst məlumatlandırılmasına çalışacaqdır.

 

Keçirilən tədbirlərin xarici kütləvi informasiya vasitələri ilə yayılması üçün də tədbirlər görülür.


Paylaş: