01_STRASBURQ-XOCALI-MITINQ .JPG
26 fevral 2007

Strasburqda Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı izdihamlı mitinq keçirilib

XX əsr tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı Heydər Əliyev Fondunun xüsusi layihəsi çərçivəsində Strasburqda fevralın 24-də izdihamlı mitinq keçirilmişdir. Fransadakı "Azərbaycan Evi", Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür Cəmiyyəti və Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə Strasburqun mərkəzi meydanı Broqlidə baş tutan mitinqdə Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondunun göndərdiyi fotoşəkillər, "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət əl işləri nümayiş etdirilmiş, tədbirin iştirakçılarına və yerli əhaliyə fondun fransız dilində hazırladığı "Qarabağ həqiqətləri" toplusu paylanmışdır. Topluda Qarabağın tarixi, münaqişənin başlanması, Xocalı soyqırımı, Azərbaycana qarşı erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının respublikamızda törətdikləri qanlı aksiyalar barədə geniş informasiya vardır.


Əllərində fransız və ingilis dillərində "Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri tezliklə azad edilməlidir", "Biz onları heç vaxt bağışlamayacağıq", "Xocalı faciəsindən 15 il ötsə də, Koçaryan cəzasız qalır", "Xocalı faciəsi azərbaycanlıların soyqırımıdır", "Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələrin dağıdılmasına son qoyulsun" və digər plakatlar tutmuş mitinq iştirakçıları "Koçaryan canidir", "Zori Balayan qatildir", "İşğalçılara ar olsun" kimi şüarlar səsləndirmişlər.

 

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı mitinqdə "Azərbaycan Evi"nin prezidenti Mustafa Alınca çıxış edərək, 1992-ci fevralın 25-dən 26-na keçən gecə erməni hərbçilərinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 7 min əhalisi olan Xocalıya hücum etmələrindən, heç kimə aman vermədən günahsız və dinc əhalini, o cümlədən uşaqları, qadınları və qocaları qətlə yetirmələrindən danışmışdır. O, erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasının hər bir azərbaycanlının müqəddəs borcu olduğunu xüsusi vurğulamış, diqqəti Ermənistan siyasətinin əsl mahiyyətinə cəlb etmişdir.

 

Mustafa Alınca Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin və Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi xüsusi layihənin əhəmiyyətindən danışmışdır. Mitinqdə Xocalı faciəsinə siyasi qiymət verilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsinə, Avropa Şurasına və Avropa İttifaqına ünvanlanmış müraciətlərə imzalar toplanmışdır.

 

"Azərbaycan Evi"nin təşəbbüsü ilə yerli məsciddə Xocalı soyqırımı zamanı həlak olmuş şəhidlərin ruhuna dualar oxunmuşdur.

 

Mitinqdə Strasburq, Kolmar, Müluz və digər şəhərlərdə yaşayan çoxsaylı azərbaycanlılar, qardaş Türkiyənin nümayəndələri, strasburqlular iştirak etmişlər.

 

Üç saatdan artıq davam etmiş mitinqin təşkilinə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi yardım etmişdir.


FOTO