28 fevral 2007

Macarıstanda Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib

Azərbaycanın Macarıstandakı səfirliyi Heydər Əliyev Fondunun fəal dəstəyi ilə Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirmişdir. Həmin tədbirlər ölkə ictimaiyyətində geniş əks-səda doğurmuşdur. Fevralın 26-da paytaxt Budapeştin mərkəzi rayonlarından birinin mədəniyyət mərkəzində faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir. Mərkəzin direktoru Mayya Siladi xüsusi vurğulamışdır ki, Xocalı hadisələri heç kimi biganə qoya bilməz.


Səfir Həsən Həsənov tədbir iştirakçılarını sərgidəki fotosənədlərlə tanış olmağa və Xocalı faciəsi haqqında filmə baxmağa dəvət edərək demişdir ki, bütün bunlar erməni terrorçuların müdafiəsiz insanlara qarşı törətdikləri vəhşiliklərdən əyani söhbət açır. Heydər Əliyev Fondunun Budapeştdəki səfirliyimizlə birlikdə macar dilində hazırladığı "Qarabağ haqqında həqiqət" kitabının təqdimatı da olmuşdur.

 

Diplomatik nümayəndəliyimiz xalqımızın tarixinin ən faciəli səhifələrindən birinə həsr olunmuş mətbuat üçün məlumatı, "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarını macar dilinə tərcümə edən İmre Adoryanın məqaləsini də yaymışdır. Adoryanın Xocalı hadisələri haqqında bu məqaləsi yerli jurnallardan birində dərc olunmuşdur. Məqalədə o, həmvətənlərini erməni təcavüzkarların törətdikləri cinayətləri Azərbaycan xalqına qarşı soyqırımı kimi tanımağa çağırır.

 

Xatirə gecəsində Macarıstan Xarici İşlər Nazirliyinin əməkdaşları, bütün islam dövlətlərinin, MDB ölkələrinin, Finlandiya, Anqola, Venesuela, Vatikan, Yaponiya və digər ölkələrin səfirləri, diasporumuzun üzvləri iştirak etmişlər.

 

Bir gün əvvəl isə Millətlər və Dostluq Evində Svetlana Abdullayevanın sədrliyi ilə Macarıstan-Azərbaycan Cəmiyyətinin iclası olmuşdur. Tədbir iştirakçıları erməni təcavüzünün günahsız qurbanlarının xatirəsini anmışlar.

 

Bundan əlavə, Azərbaycan səfirliyi Budapeşt Beynəlxalq Hüquq Mühafizə Akademiyası ilə birlikdə xatirə gecəsi keçirəcəkdir. Gecədə Azərbaycan gömrük və sərhəd xidmətlərinin burada təlim keçən əməkdaşları da iştirak edəcəklər.

 

Səfir H.Həsənov demişdir ki, Xocalı faciəsinin 15-ci ildönümünü belə yüksək səviyyədə qeyd etmək Heydər Əliyev Fondu rəhbərliyinin və əməkdaşlarının köməyi sayəsində mümkün olmuşdur. Fondun təqdim etdiyi zəngin materiallar sayəsində dünya ictimaiyyəti, o cümlədən macarlar erməni təcavüzkarın əsl siması haqqında həqiqətlə daha yaxından tanış olurlar. 


Paylaş: