28 fevral 2007

Çexiyada Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib

Fevralın 25-də Praqanın mərkəzindəki Vatslav meydanında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Bu, Heydər Əliyev Fondunun, Azəri-Çex Cəmiyyətinin və Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Çexiyada keçiriləcək silsilə tədbirlərin ilki olmuşdur.


Ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətləri əks etdirən sənədlər, kitablar, fotoşəkillər, broşürlər, CD-lər şəhər sakinləri və qonaqlara paylanmışdır. Faciənin canlı şahidlərindən Vahid Əliyev, Praqada təhsil alan azərbaycanlı tələbələr, Azəri-Çex Cəmiyyətinin üzvləri sakinlərə erməni vəhşilikləri, yüzlərlə insanın başına gətirilən dəhşətlərlə bağlı məlumat vermişlər.

 

Tədbirə dəstək əlaməti olaraq Liditse soyqırımının qurbanlarının xatirəsinə yaradılmış muzeyin direktoru Anqo Marinov da iştirakçılara qoşulmuşdur.

 

Tədbirin sonunda Xocalıda ermənilər və Liditsedə faşistlər tərəfindən qətlə yetirilmiş uşaqların xatirəsinə 83 matəm şamı yandırılmışdır. Həmin gün Liditse xatirə muzeyinin baş direktoru M.Çervençl Çexiya dövlət radiosunda Xocalı və Liditse faciələri ilə bağlı müsahibəsində insanların başına gətirilən faciələr barədə danışmışdır.

 

Fevralın 26-da Liditse müzeyində davam etdirilən tədbirlərdə Azərbaycandan gələn nümayəndə heyətinə Liditse faciəsi barədə ətraflı məlumat verilmiş və faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəyə əklil qoyulmuşdur.

 

Avropa İttifaqının faciə yaşamış şəhərlərinin nümayəndələrinin forumuna Azərbaycanın Xocalı şəhərinin təmsilçiliyi ilə qatılması təklif edilmişdir. Baş direktor M.Çervençl demişdir ki, artıq bu ildən etibarən iyunun 10-da Liditse faciəsinin 65 illiyinə həsr olunmuş mərasimə Xocalı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi də dəvət olunacaqdır.

 

Sonda Xocalı faciəsi ilə bağlı vernisaj təqdim olunmuşdur.