2.jpg
21 oktyabr 2006

YUNESKO-da “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda” adı altında Azərbaycan günü keçirilib

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva YUNESKO-nun 60 illiyinə həsr olunmuş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində "Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda" adı altında keçirilən Azərbaycan günü ilə bağlı tədbirdə iştirak etmək üçün Parisə gəlmişdir.

 

YUNESKO-nun iqamətgahında Mehriban xanımı təşkilatın baş direktorunun müavini Marsio Barboza, protokol idarəsinin başçısı Jan Lük Şan, xoşməramlı səfirlər proqramının rəhbəri Basma İrşeid, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Eleonora Hüseynova və digər rəsmi şəxslər səmimiyyətlə qarşıladılar.

 

Azərbaycan günü YUNESKO-nun sərgi salonunda təşkil olunmuş və respublikamızın gözəl mənzərələrini, zəngin mədəniyyətini, tarixini, xalqımızın adət-ənənələrini, mədəni irs nümunələrini, azsaylı xalqların həyatını əks etdirən fotoşəkillərdən, misgərlik sənətinin nümunələrindən ibarət sərgi ilə açıldı.

 

Sərgini açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xoşməramlı səfir Mehriban xanım Əliyevanın səyləri sayəsində son zamanlar YUNESKO ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulamış, təhsil sisteminin yenidən qurulmasında təşkilatın ölkəmizə köməyindən, Azərbaycanda milli azlıqların mədəniyyətinin inkişafına dövlət qayğısından, mədəni və qeyri-maddi irsin qorunub saxlanılmasında, abidələrimizin Dünya mədəni irs siyahısına daxil edilməsində YUNESKO-nun rolundan danışmışdır.

 

Xoşməramlı səfir Mehriban xanım Əliyeva və təşkilatın baş direktoru Koişiro Matsuura sərgi ilə yaxından tanış olmuşlar.

 

Sonra Mehriban Əliyeva açılış mərasimində çıxış etmişdir.

 

Rəsmi hissədən sonra Azərbaycanın incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər. Böyük uğurla keçən konsertdə dünya şöhrətli fransız müğənnisi Patrisia Kaas bir neçə mahnı oxumuş, tamaşaçılara "Can, Azərbaycan!" sözləri ilə müraciət etmişdir.

 

Konsertdən sonra səhnə arxasına gələn Mehriban xanım Əliyeva sənətçilərlə görüşüb səmimi söhbət etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.

 

Axırda Azərbaycan günü münasibətilə ziyafət verilmiş, qonaqlar zəngin mətbəximizin ləziz yeməklərini dadmışlar.


FOTO