05--paris-fransiz-rassami.jpg
26 fevral 2013

Parisdə fransız rəssamının “Xocalı gecəsi” sərgisinin vernisajı keçirilib

Fevralın 26-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə fransız rəssamı Reno Baltzinjerin Xocalı faciəsinə həsr etdiyi rəsm əsərlərindən ibarət “Xocalı gecəsi” sərgisinin vernisajı keçirilib. Sərgidə rəsm əsərləri ilə yanaşı, qanlı faciə ilə bağlı fotolar da nümayiş etdirilib.

 

Qonaqları salamlayan səfir Elçin Əmirbəyov fevralın 26-na keçən gecə Xocalıda baş verən faciənin azərbaycanlıların xatirəsindən heç vaxt silinməyəcəyini bildirib. Səfir bütün dünyanın 21 il əvvəl erməni silahlı dəstələrinin Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşiliklə bağlı Qarabağdan gələn xəbərlərdən sarsıldığını xatırladıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində törədilmiş soyqırımın bu günədək fransız ictimaiyyəti üçün naməlum qaldığını bildirib: “Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan ölkəmizin tarixi ərazisinin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını ata-baba yurdlarından silah gücünə çıxarıb. 1992-ci ildə silahsız Xocalı sakinlərinə qəddarcasına divan tutmuş erməni silahlılarına rəhbərlik etmiş Serj Sərkisyan bu gün Ermənistan prezidenti kürsüsündə əyləşir. Xocalıya qarşı soyqırım aktını törədənlər ədalət məhkəməsi qarşısında dayanmalıdırlar. Beynəlxalq ictimaiyyət buna siyasi qiymət verməlidir. Xocalı soyqırımı heç zaman unudulmayacaq”.

 

2008-ci ildən etibarən “Xocalıya ədalət!” kampaniyasının keçirildiyini xatırladan səfir ədalətin zəfər çalması üçün minlərlə insanın bu kampaniyaya qoşulduğunu söyləyib. E.Əmirbəyov bildirib ki, bu soyqırımın tanınması Xocalı qurbanlarının xatirəsinin anılması ilə yanaşı, gələcək nəsillərdə ümidin yaradılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

 

Bu faciəvi hadisələrin Meksika, Pakistan və digər ölkələr tərəfindən soyqırım kimi tanındığını diqqətə çəkən E.Əmirbəyov Amerikanın bir çox ştatlarının Xocalı faciəsini Azərbaycan xalqına qarşı soyqırım kimi dəyərləndirdiklərini xatırladıb. O, Xocalı hadisələrinin fransız siyasətçiləri tərəfindən də soyqırım kimi tanınacağına ümidvar olduğunu bildirib.

 

Senator Natali Gule çıxışında Azərbaycanı Fransada tanıtmaq istiqamətində Heydər Əliyev Fondu və Azərbaycan parlamenti ilə birlikdə çalışdığını, Senatda Fransa-Qafqaz Dostluq qrupunun vitse-prezidenti kimi fəaliyyət göstərdiyini, dəfələrlə ölkəmizə səfər etdiyini bildirib, Azərbaycan tarixini və mədəniyyətini tanıtmağın vacibliyini diqqətə çatdırıb.

 

O, ermənilərin Xocalıda hava limanı açmasının növbəti təxribat olduğuna dair Senatda çıxış etiyini xatırladıb, Xocalı faciəsinin ümumbəşəri faciə olduğunu bildirib.

 

Rəssam Reno Baltzinjer sərgidə nümayiş etdirilən tablolar üzərində iki il işlədiyini, hər bir portretin rəng seçiminə ciddi yanaşdığını, tablolardakı qırmızı rəngin Xocalı faciəsi zamanı həlak olanların rəmzi qanı fonunda verdiyini söyləyib. Baltzinjer bildirib ki, o, Xocalı gecəsini öz rəsm əsrlərində canlandıran ilk fransız rəssamı olmasından məmnunluq hissi keçirir. Rəssam sərginin nümayiş etdirilməsinə yardım göstərən Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Sonda Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan verilib.


FOTO