DSCN5919.gif
13 may 2013

Heydər Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasında yaxından iştirak edib

Heydər Əliyev Fondunun mədəniyyət diplomatiyası Azərbaycanı Fransada tanıtmaqda mühüm rol oynayır.

 

Bu sözləri Fransanın Orn departamentindən senator seçilən Natali Qule Heydər Əliyev Fondunun əməli yardımı ilə Fransada bərpa edilən kilsələrdə keçirilən yığıncaqlarda səsləndirib.

 

Xanım senator deyib ki, Fransanın Versal qəsrində iki tarixi abidənin və Strasburqun mərkəzindəki katedralda bərpa işlərinə yaxından yardım göstərən Heydər Əliyev Fondu artıq ölkə ictimaiyyəti tərəfindən yaxşı tanınır və onun xeyirxah addımları yüksək qiymətləndirilir. Fond Fransada yaddaqalan növbəti humanitar aksiya həyata keçirib. Ölkənin Orn departamentində X-Xll əsrlərin yadigarı olan 7 kilsənin bərpasında yaxından iştirak edib, yerli təşkilatlarla birlikdə bərpa işlərinə müəyyən yardım göstərib.

 

Departamentin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində bərpa işlərinin görüldüyü kilsələrə vurulan Heydər Əliyev Fondu lövhəsinin açılışı mərasimində iştirak etmiş Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, senator Natali Qule və digər qonaqlar yerli icra strukturlarının rəhbərləri və sakinlərlə görüşüblər.

 

Yerli rəsmilər Heydər Əliyev Fondunun Orn departamentinin 7 kilsəsinin fəsadında aparılan bərpa işlərinə yardımı yüksək qiymətləndirib, fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

 

Səfir Elçin Əmirbəyov Azərbaycanın Fransa ilə əməkdaşlığa xüsusi önəm verdiyini, iki xalq arasında dostluq əlaqələrinin inkişaf etdiyini, Leql və Azərbaycanın Naftalan şəhərləri arasında qardaşlaşmaya dair sənədin imzalanmasını büna nümunə göstərib. O, Heydər Əliyev Fondunun Fransada bir neçə tarixi abidənin bərpasında yaxından iştirak etdiyini xatırladıb, bəşəriyyətə məxsus abidələrin qorunub saxlanması istiqamətində birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib və yaxın vaxtda Leql şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Azərbaycan günlərinin keçiriləcəyini bildirib.

 

Senator Natali Qule Azərbaycanın Fransanın yaxın dostu olduğunu, hələ İkinci Dünya Müharibəsində azərbaycanlıların Müqavimət hərəkatında alman faşistlərinə qarşı çiyin-çiyinə vuruşduqlarını, Rodezdə Fransanın azadlığı uğrunda döyüşlərdə həlak olan azərbaycanlıların şərəfinə abidə ucaldıldığını xatırladıb.

 

Yüksək və çoxşaxəli mədəni dəyərlərə malik Azərbaycanın muğam musiqisinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini xatırladan senator Heydər Əliyev Fondunun mədəniyyət diplomatiyasının Azərbaycanın Fransada tanınmasında mühüm rol oynadığını, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Fransanın 13 şəhərində Azərbaycan günləri ilə bağlı sərgi və konsertin təşkil edildiyini bildirib.

 

Səfir Elçin Əmirbəyov, senator Natali Qule və merlər bərpa işləri aparılan kilsələrin fəsadlarına vurulan, üzərində fondun emblemi həkk olunmuş və “Heydər Əliyev Fondu” sözləri yazılmış lövhələri açıblar.


FOTO