02.gif
18 may 2013

Münhendə Azərbaycan mədəniyyəti gecəsi keçirilib

Mayın 18-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Bavariya federal torpağının paytaxtı Münhendə Azərbaycan mədəniyyəti gecəsi keçirilib. Münhen Rezidensiyasında keçirilən və 900 nəfərə yaxın qonağın qatıldığı gecədə Bavariya federal torpağının dövlət naziri xanım Emilia Müller, Prusya şəhzadələri Adalbert və Eva-Maria, Hessen şəhzadəsi Yvonne, Qraf Fidelius Rebhinder və Qrafinya Renate Rebhinder, məşhur alman fotoqraf və rəssamı Mixael fon Hassel, Moda dizayneri Kay Rainer, futbol üzrə Almaniya yığmasının sabiq qapıçısı Yens Lehmann, həmçinin Almaniya Bundestaqı, Bavariya Landtaqı və Avropa Parlamentinin deputatları, Almaniyanın bir çox siyasi, ictimai və mədəniyyət xadimləri iştirak ediblər.

 

Mərasimi açan Azərbaycanın Almaniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Pərviz Şahbazov ölkəmizlə Almaniya arasında münasibətlərin siyasi, iqtisadi, elm və mədəniyyət sahələrində inkişafından danışdı. Səfir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tədbir iştirakçılarına müraciətini oxudu.

 

Daha sonra çıxış edən dövlət naziri Emilia Müller bəşəriyyətin ümumi dili olan musiqinin və ümumiyyətlə mədəniyyətin mühüm dialoq vasitəsi olduğunu və Münhendə Azərbaycan mədəniyyətinin təqdim olunmasına məmnun olduğunu bildirdi. Xanım Müller 3 il əvvəl Azərbaycanda rəsmi səfərdə olarkən onda Azərbaycanın mədəni müxtəlifliyinə böyük maraq, Azərbaycan musiqisinə və incəsənətinə rəğbət oyandığını qeyd etdi: “Musiqi Azərbaycan cəmiyyətində mühüm əhəmiyyətə malikdir. Bütövlükdə ölkə füsunkar təbiəti, qədim şəhərləri və gözəl insanları ilə öz qonaqlarını heyran edir”.

 

Emilia Müller Azərbaycanla Almaniya və xüsusilə də Bavariya federal torpağı arasında mövcud  olan və inkişaf edən əlaqələrdən danışdı, Azərbaycanı Bavariyanın mühüm tərəfdaşı adlandırdı.


Xanım Müller Azərbaycan mədəniyyətinin Almaniyada uğurla təbliğ olunmasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdar olduğunu və bu işdə Fondun və Azərbaycanın Almaniyadakı Səfirliyinin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı.

 

Tədbir çərçivəsində “Azərbaycan” fotosərgisi nümayiş etdirilmiş, qonaqlara Heydər Əliyev Fondu tərəfindən Azərbaycana aid alman dilində nəşr edilmiş kitablar və Azərbaycan musiqisindən ibarət kompakt disklər paylanmış, Azərbaycan şirniyyatları təqdim olunmuşdur.

 

Mədəniyyət gecəsində Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış etmişdir.

 

Tədbirdən sonra Heydər Əliyev Fondu və Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən ziyafət verilmişdir. 


FOTO