06_telaviv-fotosargi_.jpg
23 oktyabr 2013

Təl-Əvivdə “Xocalıya ədalət” mövzusunda fotosərgi açılıb

“Xocalıya ədalət” kampaniyası çərçivəsində bu ilin fevralında İsraildə açılmış fotosərgi fəaliyyətini Təl-Əvivin “Neve Eliezer” Mədəniyyət Sarayında davam etdirir.

 

Fotosərgi Heydər Əliyev Fondunun, “STMEQİ” Beynəlxalq Dağ Yəhudiləri Fondunun və Təl-Əviv şəhəri bələdiyyəsinin dəstəyi ilə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (“Azİz”) tərəfindən təşkil olunub.

 

Tədbir “Justice for Khojaly” mövzusunda sənədli fotosərginin nümayişi ilə başlayıb. Fotosərgidə 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri əks etdirən şəkillər yer alıb.

 

Təl-Əviv şəhəri merinin müavini Arnon Qiladi, Təl-Əviv şəhəri İctimai Şurasının sədri Yelena Yufit, Rusdilli İsraillilər Federasiyası Təl-Əviv şöbəsinin rəhbəri İlya Levin, Təl-Əviv sakini, Azərbaycanın Xalq Artisti Dina Tumarkina, professor Mixail Aqarunov və şəhərin digər sakinləri sərgidə gördükləri ilə bağlı təəssüratlarını xatirə kitabında qeyd ediblər.

 

“Azİz” assosiasiyası idarə heyətinin üzvü, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Xocalı faciəsi barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib.

 

Arye Qut Ermənistan silahlı birləşmələrinin vəhşiliyi nəticəsində Xocalıda 613 sakinin öldürüldüyünü, 487 nəfərin şikəst olduğunu, 1275 dinc sakin - qoca, uşaq, qadının əsir götürüldüyünü, ağlasığmaz işgəncələrə, təhqirlərə məruz qaldıqlarını söyləyib: “Xocalıda qətlə yetirilmiş 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. Bu faktlar sübut edir ki, Xocalıda məqsəd əhalini azərbaycanlı olduğuna görə kütləvi şəkildə qırmaq idi”.

 

Təl-Əviv şəhəri merinin müavini Arnon Qiladi, Təl-Əviv şəhəri İctimai Şurasının sədri Yelena Yufit, Rusdilli İsraillilər Federasiyası Təl-Əviv şöbəsinin rəhbəri İlya Levin Təl-Əviv şəhərində “Xocalıya ədalət” (“Justice for Khojaly”) mövzusunda fotosərginin keçirilməsi təşəbbüsünə və təşkilinə görə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) və Heydər Əliyev Fondunun nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.


FOTO