01_FRANSA-PARIS-AZERBAYCAN-SHARCIYI-ACHLISH.JPG
19 sentyabr 2014

Parisdə “Azərbaycan şəhərciyi”nin açılışı olub

Sentyabrın 19-da Parisin San-Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

 

“Azərbaycan şəhərciyi” ölkəmizin tarixi və mədəniyyəti, o cümlədən turizm imkanlarının tərənnümünə həsr olunan müxtəlif sərgiləri özündə birləşdirir. Şəhərciyin təşkilində əsas məqsəd xaricdə Azərbaycanın daha yaxşı tanıdılması, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığının təmin olunmasıdır.

 

Sərginin açılışında çıxış edən Parisin 6-cı rayonunun meri Jan-Pyer Lökoq 10 gün ərzində parislilərin Azərbaycan və onun zəngin mədəniyyəti haqqında dolğun məlumat ala biləcəklərini bildirib. Azırbaycanın sürətlə inkişaf etdiyini deyən mer son illərdə Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə bir çox tədbirlərin keçirildiyini, bu sərginin də onların davamı olduğunu vurğulayıb.

 

Mehriban Əliyeva mərasimdə çıxış edib. 

 

Daha sonra çıxış edən Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel də bu cür tədbirlərin iki ölkə arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib. O, zəngin mədəniyyətə malik Azərbaycanın üzləşdiyi ən böyük problemə - Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkib, Azərbaycan rəhbərliyinin bu problemi sülh yolu ilə həll etmək istədiyini söyləyib.

 

Sonra “Azərbaycan şəhərciyi” ilə tanışlıq olub. Bu şəhərcikdə ölkəmiz haqqında müxtəlif istiqamətlərdə müfəssəl məlumatlar öz əksini tapıb. “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisində min illərdir ölkəmizdə yaranıb inkişaf edən mədəniyyət barədə müfəssəl məlumat verilir. Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların, o cümlədən misgərlik məmulatlarının, şəbəkələr, milli geyimlər, milli musiqi alətləri və Azərbaycan xalçalarının geniş çeşidinin təqdim olunduğu şəhərcikdə “Azərbaycana səyahət” turizm sərgisi vasitəsilə ölkəmizlə daha yaxından tanışlıq imkanı yaradılıb. “Azərbaycan şəhərciyi”ndə milli mətbəximizi nümayiş etdirən köşklər də qurulub. Açılış mərasimində iştirak edən kəndirbazların və pəhləvanların çıxışları da maraqla qarşılanıb. Burada, həmçinin “Bakı 2015” Birinci Avropa Oyunlarına hazırlığın təqdimatı keçirildi, indiyə qədər görülən işlə barədə qonaqlara məlumat verilib.

 

Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrlərinin təqdim olunduğu sərginin ən maraqlı bölmələrindən biri də Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı materialların, həmin dövrə aid arxeoloji tapıntıların sərgiləndiyi bölmədir. Orada zərgərlik nümunələri, məişət əşyaları, “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənmiş xalçalar və s. nümayiş olunur.

 

Sentyabrın 28-dək davam edəcək sərgi-yarmarkada Azərbaycanın incəsənət ustaları müxtəlif konsert proqramları ilə çıxış edəcəklər. Bu günlər ərzində Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Dövlət Xalq Çalğı Alətləri Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı və digər musiqi kollektivlərinin ifasında Azərbaycanın klassik, caz və muğam sənəti təqdim ediləcək.

 

Sonra “Fransa Azərbaycan rəssamlarının gözü ilə” rəsm sərgisi ilə tanışlıq olub. Sərgidə rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin əsərləri təqdim olunur. 50-dən çox rəsm əsərinin toplandığı ekspozisiya Fransaya həsr edilib. Əsas qəhrəman da Fransa – onun paytaxtı Paris və regionlarıdır.

 

Tədbir tanınmış caz ifaçısı, Əməkdar Artist İsfar Sarabskinin konserti ilə davam edib. 


FOTO

VİDEO