08.JPG
3 sentyabr 2015

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Parisdə “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisinin açılışında iştirak edib

Sentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgisi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

 

Mərasimdə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare Reza Deqatinin fotolarının həmişə sənətsevərləri təəccübləndirdiyini bildirib. O, qeyd edib ki, bu sərgi olduqca mühüm mövzuya – tolerantlıq mövzusuna həsr edilib. Jan Fransua Löqare sərginin təşkilinə verdiyi dəstəyə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğuladı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hər zaman mədəniyyətlə bağlı tədbirlərə öz dəstəyini verdiyini söylədi. Reza Deqatinin budəfəki fotolarının Azərbaycanda tolerantlıq mühitini aydın şəkildə əks etdirdiyini deyən Elçin Əmirbəyov bildirdi ki, Azərbaycan sivilizasiyaların qovuşduğu məkanda yerləşir və bu sərgi ölkəmizdəki dinlərarası münasibətləri mükəmməl şəkildə göstərə bilir.


Dünya şöhrətli fotoqraf Reza Deqati tədbirə gəldiyinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, qeyd edib ki, hazırki mürəkkəb dünyada müxtəlif dinlərin və xalqların mehriban şəraitdə yaşadığı bir məkan var – bu, Azərbaycandır.

 

Tədbirin təşkilatçısı xanım Karla Areqoni sərginin yüksək səviyyədə keçirilməsi üçün verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımına və əməyi olan hər kəsə minnətdarlığını bildirib.

 

Mehriban Əliyeva mərasimdə çıxış edib. O, Reza Deqatinin Azərbaycana həsr olunmuş kitablarından danışıb, bu kitabların ölkəmizin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

 

Qeyd edək ki, sərginin açılış mərasimində Fransanın tanınmış ictimai və mədəniyyət xadimləri, nüfuzlu media orqanlarının nümayəndələri, Paris sənətsevərləri iştirak ediblər.

 

Sərgidə məşhur fotoqraf Reza Deqatinin müxtəlif illərdə çəkdiyi fotolar nümayiş etdirilir. Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənələri ilə tanış edir. Tanınmış fotoqrafın sərgidəki işləri Azərbaycanda müxtəlif dini icmaların bir-birinə hörmət və ehtiram şəraitində yaşadığının tərənnümünə çevrilib. Fotolarda Azərbaycanın təbiətini, qədim adət-ənənələrini, sadə insanların gündəlik həyatını görmək mümkündür. Bu fotolar həm tarixi məkanlarımızı, Azərbaycanın müxtəlif bölgələrindəki həyat tərzini, həm də bu qədim tarixə sahib ölkəmizin müasirliyini izləyicilərin diqqətinə çatdırır.


FOTO

VİDEO