01.jpg
25 iyun 2017

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb

Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində keçirilən İtaliyada Birinci Azərbaycan Film Festivalı iyunun 24-də başa çatıb.

 

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, İtaliyadakı səfirliyimizin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), “Casa del Cinema” kino evinin, İtaliya-Azərbaycan Ticarət Palatasının, “AGI” informasiya agentliyinin, “Azerbaijannews” xəbər portalının təşkilati və informasiya dəstəyi ilə təşkil olunan festivalın rəsmi açlışında İtaliyadakı səfirimiz Məmməd Əhmədzadə, Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, Gürcüstanın İtaliyadakı səfiri Karlo Sikharulidze, məşhur italyan rejissoru və ssenaristi, Oskar və Bafta mükafatları laureatı Cianni Kuaranta və italyan professor, “Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” adlı kitabın müəllifi Romolo Erkolino çıxış ediblər.

 

Rəsmi açılışdan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş etdirilib.

 

Festivalın ikinci günü Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filminin nümayiş ilə başlanılıb. Filmin nümayişindən öncə səfir Məmməd Əhmədzadə və Roma Sapienza Universitetinin müəllimi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi üzrə italyan tədqiqatçı Daniel Pommier çıxış ediblər.

 

Həmin gün festival “Pərdə”, “Yarımçıq xatirələr” və “İçəri Şəhər” bədii filmlərinin nümayişi ilə davam etdirilib. “İçəri Şəhər” filminin nümayişindən öncə festivalda iştirak edən həmin filmin ssenari müəllifi və baş rol ifaçılarından biri Təhminə Rafaella çıxış edərək film barədə məlumat verib.

 

Festivalın sonuncu günü Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan, 2016-cı ildə ölkəmizdə “Multikulturalizm İli” çərçivəsində ərsəyə gəlmiş və Azərbaycanda yaşayan müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edən “Bir günəş altında” sənədli filmi nümayiş olunub.

 

Filmin nümayişindən əvvəl səfir Məmməd Əhmədzadə və Bakı Beynəlxalq Multikulturalzim Mərkəzinin İtaliyadakı təmsilçisi, Sandro Teti Nəşriyyat Evinin rəhbəri, politoloq Sandro Teti çıxış ediblər.

 

“Nabat”, “Həddən artıq uyğunluq” və Azərbaycanın Xalq Yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında çəkilmiş “Hökmdarın taleyi” bədii filmlərinin təqdimatı ilə festival başa çatıb.

 

İtaliya mətbuatı festivala böyük maraq göstərmiş, festivaldan əvvəl və festival günlərində yerli KİV-lərdə çoxsaylı məlumatlar və məqalələr dərc olunub. Festivalın sosial şəbəkələrdə təşviqi məqsədilə yaradılmış “Facebook”dakı https://www.facebook.com/primofestivaldelcinemaazerbaigianoinitalia/  səhifəsində festivalla bağlı mütəmadi olaraq məlumatlar paylaşılıb.


FOTO