002.JPG
29 noyabr 2011

Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Noyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Vatikandakı səfirliyinin dəstəyi ilə Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.

 

Mərasimdən əvvəl Azərbaycanın birinci xanımı Vatikanın mədəniyyət naziri, kardinal Can-Franko Ravazi ilə görüşdü.

 

Vatikanın mədəniyyət naziri bu görüşü Azərbaycana səfərinin davamı adlandırdı, Heydər Əliyev Fondu ilə tanışlığını xatırladı. Kardinal Azərbaycanın Vatikandakı Apostol kitabxanasında həyata keçirdiyi layihənin əhəmiyyətini vurğulayaraq dedi ki, bu zəhmətli iş nəticəsində Azərbaycan haqqında 42 manuskriptdən 15-i bərpa olunmuşdur. 

 

Mehriban xanım Əliyeva Azərbaycan ilə Vatikan arasında formalaşmış sıx əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Heydər Əliyev Fondunun prezidenti həyata keçirilmiş birgə layihələrdə Vatikanın rolunu yüksək qiymətləndirdi və bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.

 

Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.

 

X X X

 

Görüşdən sonra Azərbaycanın birinci xanımı və Vatikanın mədəniyyət naziri qədim və müasir Bakının, habelə mədəniyyət abidələrinin əks olunduğu fotolara və videoçarxlara baxdılar, sərgilərlə tanış oldular. Qədim misgərlik nümunələrinin, musiqi alətlərinin də nümayiş olunduğu sərgi, Azərbaycanın zəngin mədəni irsinin əyani sübutu kimi böyük maraq doğurdu.

 

Azərbaycan xalçaçılıq məktəblərinin misilsiz incilərinin nümayiş olunduğu sərgidə isə kardinala burada toplanmış əsərlər barədə məlumat verildi. Azərbaycan xalçaçılıq sənəti nümunələrinin, həmçinin Qarabağ xalçalarının nümayiş olunduğu sərgi də qonaqlarda zəngin təəssürat yaratdı.

 

Qonaqlar digər bir sərgi ilə - iki ildir ki, keçirilən “Qız qalası” festivalında təqdim edilən əsərlərlə də tanış oldular. Bu əsərlərdə dünyanın müxtəlif ölkələrindən olan rəssamların Bakının rəmzi sayılan Qız qalası ilə bağlı düşüncə və duyğuları təcəssüm tapmışdır. Əsərlərin arasında italyan rəssamı Alberto Lorronun “Qız qalası” da maraqla qarşılandı.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun fondunda saxlanılan və sərgidə nümayiş etdirilən üç əlyazma da böyük marağa səbəb oldu. Məlumat verildi ki, bu əlyazmalar UNESCO-nun “Dünya Yaddaşı” Proqramına daxil edilmişdir.

 

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun müxtəlif layihələrini özündə əks etdirən kitab, buklet və digər nəşrlərlə yanaşı, “Azərbaycan” nəşrinin italyan dilində versiyasının da təqdimatı oldu. Ölkəmizin tarixi, mədəniyyəti, paytaxtı da daxil olmaqla regionları haqqında ətraflı məlumatın toplandığı nəşrdə 1000-dən çox fotoşəkil sərgiyə gələnlərdə böyük maraq oyatdı. 

 

X X X

 

Sərgilərlə tanışlıqdan sonra təntənəli mərasim keçirildi. Aparıcı tədbirin əhəmiyyətini qeyd edərək vurğuladı ki, bu mərasim italiyalıların Azərbaycan haqqında daha çox məlumat əldə etmələri üçün gözəl fürsətdir. Mərasim iştirakçıları burada Azərbaycanın mədəniyyət nümunələri ilə yaxından tanış oldular.

 

Azərbaycanın Qərb ilə, xüsusən də İtaliya ilə sıx əlaqələr qurduğunu vurğulayan aparıcı bildirdi ki, Bakının qərbində yerləşən Qobustandakı qayalar üzərində Roma imperiyasının dövründən qalan yazılar vardır. Məşhur səyyah Marko Polo Azərbaycan ərazisindən keçərək bu ölkədə toxunan xalçaları İtaliyaya gətirmiş və bu sənət incilərinin daha da məşhurlaşmasında mühüm rol oynamışdır.Bundan əlavə, Bakıda sənayeləşmə dövrü başlayanda bu şəhərdə italyan memarlığı əsasında bir çox binalar ucaldılmışdır.

 

Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı Avropanın paytaxt şəhərlərində silsilə tədbirlərin keçirildiyini vurğulayan aparıcı qeyd etdi ki, indi növbə müqəddəs taxt-tacındır. Bu tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarıq.

 

Mərasimdə çıxış edən Vatikanın mədəniyyət naziri Can-Franko RAVAZİ Azərbaycanı mədəniyyətlərarası dialoqa böyük önəm verən ölkə adlandırdı. Kardinal vurğuladı ki, Azərbaycandakı katolik icmasının üzvləri sayca az olsalar da, onlar üçün yüksək şərait yaradılmışdır. Azərbaycanda sözün əsl mənasında tolerantlıq hökm sürür. Bütün bunların Bakıya səfəri zamanı canlı şahidi olduğunu deyən kardinal Ravazi Azərbaycana böyük hörmət bəslədiyini də diqqətə çatdırdı. 

 

Bakının çox gözəl şəhər olduğunu, burada genişmiqyaslı inkişafın getdiyini qeyd edən kardinal dedi ki, müqəddəs taxt-tac Azərbaycan ilə sıx əməkdaşlıq edir. Biz 42 əlyazmanın bərpası ilə bağlı layihənin həyata keçirilməsi ideyasını irəli sürdük və hazırda bu layihə icra olunur. Söhbət əlbəttə ki, müqəddəs taxt-tacda saxlanılan və Azərbaycana aid əlyazmalardan gedir.

 

Can-Franko Ravazi Heydər Əliyev Fondu ilə Vatikan arasında yaranan əməkdaşlığın faydalı olduğunu diqqətə çatdırdı. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin mədəniyyətinin təbliğindəki xidmətini yüksək qiymətləndirdi.

 

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış etdi.

 

X X X

 

Sonra Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və dünya musiqisindən seçmələr dinlənildi. 

 

Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olundu. Mərasim iştirakçıların yaddaşında silinməz izlər buraxdı.



FOTO