11.JPG
11 may 2018

Şanxay Əməkdaşlıq Təşkilatının mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib

Mayın 11-də Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib.

 

Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çin dövlət qurumlarının rəsmiləri, 30-a yaxın ölkənin Pekindəki səfiri, diplomatik korpusun təmsilçiləri, Çin ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər. Mədəniyyət günü Azərbaycanın ŞƏT çərçivəsində keçirdiyi ilk tədbir olub.

 

Qonaqlar ŞƏT-in mənzil qərargahının həyətində Azərbaycanın mədəniyyətini, tarixi və mədəni abidələrini, müasir memarlıq incilərini əks etdirən fotokompozisiyalardan ibarət, habelə Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinə dair stendlərlə tanış olublar.

 

Tədbir çərçivəsində təşkilatın binasında “Azərbaycan mirvarisi” adlı sərgidə Azərbaycanın müxtəlif bölgələrinə aid xalçalar, milli musiqi alətləri, misgərlik sənəti nümunələri, milli geyimlərimiz, gənc rəssam Fidan Kimin Azərbaycan və Çin ornamentlərini özündə əks etdirən əsərləri nümayiş olunub. Bundan başqa, tədbir iştirakçıları xalqımızın xalça toxuma və şəbəkə sənəti ilə yaxından tanış olmaq imkanı qazanıblar. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə, o cümlədən musiqisinə, ədəbiyyatına, xalçaçılıq sənətinə, mətbəxinə aid müxtəlif nəşrləri paylanılıb.

 

Tədbirin aparıcıları ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu deyiblər. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyətini təqdim etmək üçün “ŞƏT bizim birgə evimizdir” layihəsi üzrə keçirilən silsilə tədbirlər çərçivəsində bu dəfə istisna olaraq ŞƏT-ə üzv olmayan, lakin təşkilatın “Dialoq üzrə tərəfdaşı” statusuna malik Azərbaycanın mədəniyyət günü keçirilir. Bu, Azərbaycanın ŞƏT ilə əməkdaşlığa verdiyi əhəmiyyətin və özünü bu ailənin bir üzvü olaraq görməyinin ən bariz göstəricisidir.

 

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı tədbirdə çıxış ediblər.

 

Çıxışlardan sonra Azərbaycana aid videoçarx nümayiş olunub.

 

Sonra səhnə incəsənət ustalarının ixtiyarına verilib. “Mirvari” rəqs ansamblının ifasında rəqslərimiz təqdim olunub. Solist Ülkər Əliyeva, Tarzən Şərhiyar İmanov və onun qrupunun ifasında mahnı və etno-caz kompozisiyaları tamaşaçıların marağına səbəb olub. Azərbaycanın Xalq artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar artist Fərqanə Qasımova muğam dəsgahlarını ifa ediblər.

 

Azərbaycan musiqisinin valehedici təsirinə düşən qonaqlar rəqqaslarımızla birgə “Yallı” gediblər.

 

Konsert proqramı boyunca səhnədə böyük ekranda Azərbaycana, onun tarixinə, görməli yerlərinə, müasir inkişafına, mədəniyyətinə, memarlığına, Azərbaycanda təşkil olunmuş beynəlxalq tədbirlərə, Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində keçirdiyi tədbirlərə, Azərbaycanın tolerant və multikultural dəyərlərinə aid videoçarxlar təqdim olunub.

 

Azərbaycan mədəniyyət günü milli mətbəximizin təamları olan dolma, kabab, plov, kükü, paxlava, şəkərburanın təqdim olunduğu ziyafətlə başa çatıb.

 

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Ötən il Hindistan və Pakistan ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib. Azərbaycan dünya əhalisinin təxminən yarısını, dünya üzrə ümumi daxili məhsulun (ÜDM) dördə birini, Avrasiya ərazisinin 80 faizini əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə və əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkəmiz təşkilatda “Dialoq üzrə tərəfdaş” statusu ilə təmsil olunur.

 

Qeyd edək ki, Azərbaycan mədəniyyəti günü Çinin kütləvi informasiya vasitələrinin diqqətində olub. Çin Mərkəzi Televiziyası (CCTV) tədbir barədə 1 saatlıq geniş reportaj hazırlayıb. Bundan başqa, informasiya agentlikləri, nüfuzlu qəzetlər məqalələr və xəbərlər təqdim ediblər.


FOTO