11.jpg
18 dekabr 2018

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib

Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib.

 

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən olan konsertin tamaşaçıları arasında Çin Xalq Respublikasının (ÇXR) rəsmiləri, o cümlədən Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, Pekin xalq hökumətinin, digər dövlət qurumlarının məsul işçiləri olublar.

 

Konsertdən əvvəl Baş nazirin müavini Əli Əhmədov və Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Şao Xon çıxış ediblər.

 

Sonra səhnə Azərbaycan incəsənət ustalarının ixtiyarına verilib. Pekinin ən böyük konsert sarayı olan İfaçılıq Sənəti Milli Mərkəzində təşkil olunan konsertdə Fuad İbrahimovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Xalq artistləri Murad Hüseynov, Samir Cəfərov, Ənvər Sadıqov, Əməkdar artist Sahib Paşazadə, digər tanınmış incəsənət ustalarının ifasında Üzeyir Hacıbəylinin (“Arazbarı”, “Sevgili canan”), Fikrət Əmirovun (“Sevil” operasından Balaşın ariyası, “Azərbaycan elləri”, “Məhəbbət rəqsi”), Qara Qarayevin (“İldırımlı yollarla” baletindən parça), Niyazinin (“Arzu”), Cahangir Cahangirovun (“Qarabağ”, “Ay qız”), Aqşin Əlizadənin (“Cəngi”), Tofiq Quliyevin (“Bakı haqqında mahnı”, “Qaytağı”, film musiqilərindən poppuri), Həsən Rzayevin (“Çahargah” rapsodiyası), Faiq Sücəddinovun (“Qaytağı”), Müslüm Maqomayevin (“Azərbaycan”) əsərləri, xalq mahnıları, habelə Avropa bəstəkarlarının əsərləri ifa olunub. Tamaşaçılar Azərbaycan incəsənət ustalarının ifasını sürəkli alqışlarla qarşılayıblar. Çin ənənəvi musiqi parçalarının tarda, habelə aşıq ifasında təqdimatı isə salona toplaşanlar üçün əsl sürpriz olub.

 

Qeyd edək ki, konsert Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində baş tutub. Ötən ilin noyabrında Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında dostluq və əməkdaşlıq haqqında Memorandum imzalanıb.

 

Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Pekinə səfəri çərçivəsində Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Şao Xon və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilə görüşərək iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun daxil olduğu nümayəndə heyəti Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının muzeyi ilə də tanış olub.


FOTO

VİDEO