2.jpg
12 sentyabr 2023

BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı”nın bərpa işlərindən sonra açılışı olub

Birləşmiş Millətlər Təşkilatının Cenevrə bölməsində yeni dizayn və konsepsiya ilə bərpa olunan “Azərbaycan otağı”nın açılışı olub. Layihə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.

 

Açılışda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya iştirak edib.


Tədbir zamanı nazir Ceyhun Bayramov və baş direktor Tatyana Valovaya çıxış edib, BMT-nin Cenevrədəki Ofisinin səmərəli fəaliyyəti üçün “Azərbaycan otağı”nınfaydalı töhfə olduğunu vurğulayıblar. 

 

Qeyd edək ki, BMT-nin Cenevrə bölməsində “Azərbaycan otağı” 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılıb.

 

Heydər Əliyev Fondu otağın müasir texnoloji standartlara cavab verməsini təmin etmək üçün xarici dizaynerlərlə birgə yeni layihə işləyib və 2022-ci ildə otaqda təmir-bərpa işləri aparılıb. Burada müxtəlif konfrans və görüşlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb, həmçinin otaq müasir proqramlaşdırma və yüksək texnoloji avadanlıqlarla təmin olunub.

 

“Azərbaycan otağı”nın tərtibatında milli elementlərə, eləcə də  Qarabağ xalçası, şəbəkə eksponatı, muğam üçlüyü-tar, kamança və qavala, Azərbaycan təbiəti və memarlığını əks etdirən fotolara yer verilib.

 

Xatırladaq ki, BMT-nin Cenevrə bölməsində çox az sayda ölkənin öz otağı mövcuddur. Bu otaqlar BMT-nin tədbirləri zamanı müxtəlif sessiyaların, iclasların və görüşlərin keçirilməsində istifadə olunur. Bu baxımdan BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ölkəmizin təqdimatı istiqamətində əhəmiyyət kəsb edir.


FOTO