010.JPG
15 sentyabr 2011

Parisin 7-ci rayonunun meriyasının binasında Azərbaycana həsr olunmuş sərgi açılıb

Sentyabrın 15-də Parisin 7-ci rayonunun meriyasının binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycana həsr olunmuş sərgi açılmış, ölkəmizin incəsənət ustaları maraqlı və geniş konsert proqramı ilə çıxış etmişlər. 

 

Fransada səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişdir.

 

Mehriban xanım Əliyevanı Parisin 7-ci rayonunun meri Rəşidə Dati qarşıladı.

 

Budəfəki sərgi Azərbaycanın rəmzlərindən biri olan Qız qalasına həsr edilmişdir. Ekspozisiyada 2010-cu və 2011-ci illərdə Bakıda keçirilən “Qız qalası” Beynəlxalq incəsənət festivallarında nümayiş etdirilən əsərlər yer almışdır. Sərgidə 19 rəssamın əsəri təqdim olunmuşdur. Bu əsərlərin hamısını bir ideya birləşdirir: dünyanın mədəni irsini qorumaq.

 

Parisdə ölkəmizin bugünkü inkişafını, tarixini və mədəniyyətini əks etdirən fotosərgi də təşkil olunmuşdur. Bu fotoşəkillərlə tanış olan hər bir kəs aydın görür ki, qədim Azərbaycan, onun paytaxtı Bakı və ölkəmizin bütün regionları sürətlə inkişaf edir, gözəlləşir, müasirləşir.

 

Sərgidə Azərbaycanın milli musiqi alətləri də maraqla qarşılanmışdır. Hər bir musiqi alətinin tarixi haqqında fransız dilində ətraflı məlumat verilmişdir. Bu alətlərin sərgidəki nümayişi onların məhz Azərbaycan xalqına mənsubluğunu bir daha sübut edir. Bu nümayiş həm də Azərbaycan musiqi alətlərinin dünyada təbliği baxımından da çox önəmlidir.

 

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun ən mühüm layihələrindən olan “Azərbaycan” nəşrinin fransız dilində versiyasının təqdimatı da keçirilmişdir. Nəşrə daxil edilən 1000-dən çox fotoşəkil ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan qaynaqları, bölgələrimiz haqqında oxucuda kifayət qədər dolğun təəssürat yaradır, Azərbaycanı, onun mavi Xəzərin sahilində qərar tutmuş, Şərq və Qərb koloritlərinin cəmləndiyi paytaxtını tərənnüm edir.

 

Heç şübhəsiz ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgilər Azərbaycanı, onun tarixi, mədəniyyəti və incəsənətini nəinki fransızlara, eləcə də bütün avropalılara daha yaxından tanıtmaq baxımından olduqca əhəmiyyətlidir.

 

Sərgi sentyabrın 23-dək davam edəcəkdir.

 

Sonra Azərbaycanın incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər. Azərbaycan musiqisi dinləyiciləri heyran qoymuşdur.

 

Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından tədbir iştirakçılarının şərəfinə ziyafət verilmişdir.

 

Mərasimdə çıxış edən Parisin 7-ci rayonunun meri Rəşidə Dati Azərbaycanın birinci xanımını Parisdə görməkdən şad olduğunu bildirərək, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səhiyyə, təhsil, elm sahələrində bir çox layihələr həyata keçirdiyini vurğuladı. Rəşidə Dati gələcəkdə Bakıda fransız məktəbinin yaradılmasında Mehriban xanım Əliyevanın rolunun böyük olduğunu qeyd etdi. Bildirdi ki, gələcəkdə bir çox birgə layihələrin reallaşdırılması nəzərdə tutulmuşdur.

 

Parisin 7-ci rayonunun meri onu da diqqətə çatdırdı ki, Azərbaycanın birinci xanımı ölkəmizin xaricdə daha da tanıdılmasında böyük işlər görür. Azərbaycan-Fransa dostluq əlaqələrindən danışan Rəşidə Dati ölkələrimiz arasında iqtisadi əlaqələrə də toxundu. O, Azərbaycanın zəngin enerji ehtiyatlarına malik ölkə olduğunu da qeyd etdi. Bu gün Parisdə Azərbaycan incəsənət ustalarının konsertinin böyük maraq doğurduğunu bildirən Rəşidə Dati bu tədbirin Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdiyinin bariz nümunəsi olduğunu vurğuladı.

 

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxış etdi.



FOTO