024.JPG
29 sentyabr 2011

Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Sentyabrın 29-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. 

 

Heydər Əliyev Fondunun və ölkəmizin Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunmuş mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO–nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak etmişdir.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Almaniyanın Tarix Muzeyinə gəldi. Burada Mehriban xanım Əliyevanın Almaniyanın birinci xanımı Bettina Vulf ilə görüşü oldu.

 

Görüşdə Bettina Vulf Mehriban Əliyevanı ölkəsində görməkdən məmnun olduğunu dedi.

 

Almaniyanın birinci xanımı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasim üçün Berlinin seçilməsinə görə təşəkkürünü bildirdi.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu tədbirə verdiyi dəstəyə və müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş mərasimdə iştirakına görə Almaniyanın birinci xanımına minnətdarlıq etdi. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin Almaniyada təbliği baxımından bu mərasimin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.

 

Sonra Mehriban xanım Əliyeva İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası ilə bağlı başlanan ianə kampaniyasına Heydər Əliyev Fondunun töhfəsi olaraq 50 min avro məbləğində pul çekini Berlin qəsrinin rəhbərliyinə təqdim etdi.

 

Berlin qəsrinin rəhbərliyi Heydər Əliyev Fondunun bu dəstəyinə görə Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirdi və ona xatirə hədiyyəsi təqdim etdi. 

 

X  X  X

 

Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Almaniya Prezidentinin xanımı Bettina Vulf təntənəli mərasimə xüsusi ovqat bəxş edən Azərbaycan sərgisinə gəldilər.

 

Burada Azərbaycan nəşrinin alman dilində dərc olunan versiyasının təqdimatı keçirildi.

 

Sərgidə Heydər Əliyev Fondunun Azərbaycanla bağlı müxtəlif mövzulara həsr edilən kitab, buklet və digər nəşrləri də nümayiş olunurdu.

 

Mehriban Əliyeva və Bettina Vulf Azərbaycan xalçalarının sərgisinə baxdılar.

 

Coğrafi mövqeyinə, naxış, kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu bu sərgidə nümayiş etdirilən xalçalar ziyarətçilərdə böyük maraq doğurdu. Sərgidə nümayiş edilən Qarabağ xalçaçılıq məktəbinin nümunələri Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha təsdiqlədi.

 

Qədim milli misgərlik nümunələrinin də nümayiş olunduğu bu sərgidən göründü ki, Azərbaycanda xalçaçılığın çox qədim inkişaf tarixi vardır.

 

X  X  X

 

Sonra təntənəli mərasim başladı.

 

Mərasimi açan Almaniyanın tanınmış teleaparıcısı Yens Riva bu tədbirin əhəmiyyətini vurğuladı, Azərbaycan, onun sahib olduğu mədəni dəyərlər haqqında tamaşaçılara ətraflı məlumat verdi.

 

Yens Riva “Evrovision-2011” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın qələbəsi münasibətilə təbriklərini çatdırdı və gələn il bu müsabiqənin Bakıda keçiriləcəyini dedi. O, Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünün Almaniyada qeyd olunmasını mühüm hadisə adlandırdı.

 

Bettina Vulf qonaqları salamlayaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Almaniyada görməkdən məmnun olduğunu bildirdi.

 

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Almaniyanın birinci xanımı bildirdi ki, Almaniya ilə Azərbaycan arasında mədəni əlaqələr də uğurla inkişaf edir.  2008-ci ildə Almaniyada Azərbaycan günlərinin, keçən il isə Azərbaycanda Almaniya həftəsinin keçirilməsi bu əlaqələrin səviyyəsinin göstəricisidir.

 

“Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir”, - deyən Bettina Vulf sentyabrın 29-da Berlində açılan Azərbaycan sərgisini yüksək qiymətləndirdi. Bu  sərginin ölkəmizin malik olduğu mədəni sərvətlərin təbliği baxımından böyük önəm daşıdığını vurğuladı.

 

Azərbaycanın birinci  xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi.

 

Sonra Almaniyanın Tarix Muzeyində Azərbaycan incəsənət ustalarının Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə möhtəşəm konsert proqramı oldu.

 

Bu dəfə Azərbaycan mədəniyyəti artıq Almaniya paytaxtını fəth edirdi. İyirmi ildir dünyada öz sürətli inkişafı ilə öyünən ölkəmizin uğurlarını mədəniyyətin, musiqinin, bir sözlə, hamının başa düşdüyü dildə təqdim etməsi heç də təsadüfi deyildir. Çünki bu təcrübə Azərbaycanın timsalında dəfələrlə uğurla sınaqdan çıxarılmış və mədəniyyətlərarası dialoq platformasının yaradılmasında strateji məkan funksiyasını həyata keçirən ölkəmiz artıq mədəni dəyərləri, zəngin musiqisi ilə dünyanın diqqətini çəkir. Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə xaricdə keçirilən mərasimlər ölkəmizin malik olduğu zəngin mədəniyyətin təbliği baxımından çox əhəmiyyətlidir. Odur ki, dünya mədəniyyətinin paytaxtı Parisdən sonra Moskvanın, daha sonra isə Berlinin seçilməsi bu ölkələrdə yaşayan insanları Azərbaycan haqqında daha çox məlumatlandırmaq və ictimai dairələrdə ölkəmiz barədə informasiya bolluğu yaratmaq istiqamətində mühüm addımdır.

                            

X  X  X

 

Konsertdən sonra qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olundu.

 

Beləliklə, Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünün Berlində qeyd olunması unudulmaz bayrama döndü. Burada nümayiş etdirilən mədəniyyət nümunələri isə mərasimə gələn hər bir kəsi odlar diyarı Azərbaycan ilə daha yaxından tanış etdi. 


FOTO