tn (2).jpg
17 fevral 2011

Parisdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

Fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə və “Azərbaycan” kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fondunun, ölkəmizin Fransadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutan mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.


Azərbaycan mədəniyyətinin təntənəsi bu dəfə də dünyanın mədəniyyət paytaxtı olan Parisdə yaşandı. Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyinin bərpa etməsinin 20-ci ildönümünün qeyd olunması ilə bağlı imzaladığı Sərəncama əsasən təşkil edilən bu möhtəşəm mərasim Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm addım olmuşdur.

 

Fransanın mədəniyyət naziri Frederik Mitteran Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təbriklərini çatdırdı. F.Mitteran Fransanı Azərbaycan mədəniyyətinin ən yaxın dostlarından biri adlandırdı. Nazir Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən məlumatlı olduğunu bildirərək Fondun Azərbaycanda mədəniyyətin inkişafına töhfələrini yüksək qiymətləndirdi. Bildirdi ki, Azərbaycan muğam və aşıq musiqisinin vətənidir. Azərbaycan bəstəkarlarının əsərləri Fransada da çox sevilir və Azərbaycan Fransa yazıçılarının əsərlərində də təsvir olunmuşdur.

 

Fransanın mədəniyyət naziri hər iki ölkənin mədəni irsinin daha çox təşviq olunmasını arzuladı. O, Mehriban Əliyevanın YUNESKO çərçivəsində gördüyü işləri yüksək qiymətləndirdi. Frederik Mitteran ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsindən məmnun olduğunu dedi.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi.

 

Mehriban Əliyeva ölkəmizə və mədəniyyətimizə göstərilən diqqətə və verilən dəyərə görə minnətdarlığını bildirdi. Bu il Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyinin qeyd edildiyini deyən Azərbaycanın birinci xanımı bu hadisəyə həsr olunan ilk tədbirin Fransada keçirilməsindən məmnunluğunu bildirdi. Mehriban Əliyeva dedi ki, müstəqil ölkə kimi Azərbaycan çox gəncdir. Lakin Odlar Yurdu adlanan bu diyarın qədim tarixi vardır.

 

Ölkəmizin tarixi barədə mərasim iştirakçılarına məlumat verən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şərq və Qərbin qovuşuğunda yerləşən Azərbaycan uğrunda tarixin müxtəlif dövrlərində aparılan mübarizələr haqqında danışdı. Bildirdi ki, bütün bunlara baxmayaraq, xalqımız öz tarixini, dilini, dinini, mədəniyyətini qoruyub saxlamış, milli mənliyini itirməmişdir. Mehriban Əliyeva Azərbaycanın Xalq Cümhuriyyəti dövründə əldə etdiyi nailiyyətləri xatırlatdı.

 

1918-ci ildə əldə edilən müstəqilliyin cəmi 23 ay çəkdiyini deyən Azərbaycanın birinci xanımı ölkəmizin 70 ildən çox sürən dövr ərzində sovet rejiminin sərt qanunları ilə üzləşdiyini və bu illərdə də xalqımızın müstəqillik arzusu ilə yaşadığını və nəhayət buna nail olduğunu vurğuladı. Mehriban Əliyeva diqqətə çatdırdı ki, tarixi baxımdan 20 il böyük dövr olmasa da, bu qısa zaman kəsiyində Azərbaycan çox böyük nailiyyətlər əldə etmiş, bölgənin ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir.

 

Tədbirdə ölkəmizin incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər. Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası salona Azərbaycan ovqatı gətirdi.

 

Bu mərasimdə Azərbaycan musiqisinin ən gözəl nümunələri səsləndi, olduqca tələbkar auditoriyanı öz sehrinə saldı. Şirzad Fətəliyevin balabanda orkestrin müşayiətilə ifa etdiyi “Sən gəlməz oldun” mahnısı, Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyasına yazdığı uvertüra, Fikrət Əmirovun bəstələdiyi əvəzsiz sənət əsərləri Azərbaycan adlı məmləkətin sahib olduğu və xalqımızın min illərdir qoruyub saxladığı qiymətli xəzinəni Qərb tamaşaçısına uğurla çatdırdı.

 

Dahi bəstəkar Qara Qarayevin bəstələdiyi rəqs və İsfar Sarabskinin ifa etdiyi “Novruz” caz kompozisiyası, xanəndə Mirpaşa Şükürovun ifasında “Qarabağ şikəstəsi” də mərasimə xüsusi ovqat qatdı.

 

Son dərəcə maraqlı konsert proqramı bir daha təsdiq etdi ki, bu gün Azərbaycan mədəniyyətinin nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir. Bu da ilk növbədə Azərbaycan dövlətinin mədəni irsimizə olan münasibətinin nəticəsidir. Təbii ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliğində oynadığı rol da əvəzolunmazdır. Elə bu mərasim də Fondun prezidenti Mehriban Əliyevanın mədəni irsimizə olan münasibətinin dinamikasını yetərincə göstərir. Qara Qarayevin “Vals”ı, Niyazinin “Arzu”su, “Küçələrə su səpmişəm” məşhur xalq mahnısı, Natiq Şirinovun “Azərbaycan ritmləri” bir daha təsdiqlədi ki, Qərb tamaşaçısı son dərəcə maraqlı koloriti olan, incə hisslərlə dolu bu musiqini sevir. Azərbaycan musiqisinin ovsunu istər-istəməz insanı öz təsiri altına salmağı bacarır.

 

Ən nəhayət, bu möhtəşəm gecənin yekununda Fikrət Əmirovun dünyada məşhur “Min bir gecə” baletindən bir parça ifa edildi. Bu sənət əsərləri Azərbaycan musiqisinin zənginliyindən xəbər verdi, Fransa mədəniyyətsevərlərində Azərbaycana, onun zəngin musiqisinə böyük maraq oyatdı.

 

Sonra mərasim iştirakçıları Azərbaycan sərgisinə baxdılar. Sərginin ən əhəmiyyətli məqamı burada Qarabağ xalılarının nümayiş etdirilməsi oldu. Ölkəmizin ayrılmaz parçası olan Qarabağda toxunan xalılar öz gözəlliyi, rəng çaları, ornamentlərin quruluşu ilə tamaşaçıları heyran etdi. Bu mədəniyyət nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha təsdiqlədi, xalqımızın sahib olduğu mədəni dəyərlərin zənginliyindən xəbər verdi.

 

Xalçalarımıza olan maraq təsdiqləmişdir ki, dünya mədəniyyətinin inkişafına yetərincə təsir edən Azərbaycan xalçaları tarix boyu öz gözəlliyi ilə bütün dünyanı heyran qoymuşdur. İndi Azərbaycan xalılarının sorağı ən məşhur saraylardan, muzeylərdən gəlir. XVI əsrdə toxunan və Londonun Viktoriya və Albert muzeyində qorunan “Şeyx Səfi” xalısı ornamental xalçaların ən gözəl nümunəsi kimi bu gün də Azərbaycan xalçaçılıq məktəbini dünya miqyasında şərəflə təbliğ edir.

 

Sərgidə nümayiş olunan qədim misgərlik məmulatları da ölkəmizdə el sənətinə verilən dəyəri Avropa tamaşaçısının diqqətinə çatdırdı.

 

Sərgi çərçivəsində “Azərbaycan” kitabının fransız dilində nəşr olunan versiyasının təqdimatı da keçirildi. Heydər Əliyev Fondunun ən mühüm layihələrindən olan “Azərbaycan” nəşrinin doğma dilimizdə olan versiyası ötən ilin əvvəlində Bakıda Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə təqdim olunmuşdur.

 

Nəşrə daxil olan fotoşəkillər ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan qaynaqları, bölgələrimiz haqqında oxucuda kifayət qədər dolğun təəssürat yaradır, Azərbaycanı, onun mavi Xəzərin sahilində qərar tutmuş, Şərq və Qərb koloritlərinin cəmləndiyi paytaxtını tərənnüm edir.

 

Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olundu.

 

Beləliklə, Azərbaycan mədəniyyətinin Parisdə nümayişi sözün əsl mənasında hadisəyə çevrildi. Xalqımızın milli kimliyini, soydaşlarımızın arzu və istəklərinin əks olunduğu bu mədəniyyət nümunələri hər bir azərbaycanlının qəlb döyüntüsünü Qərb tamaşaçısına uğurla çatdırdı. Bu mədəniyyət nümunələri mərasimə gələn hər bir kəsi xəyalən nağıllar aləminə, Azərbaycana gətirdi.


FOTO