16 iyul 2011

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Fransanın San-Trope şəhərində “Azərbaycanın mədəni zənginlikləri” adlı sərgı açılıb

İyulun 16-da Fransanın San-Trope şəhərində Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə “Azərbaycanın mədəni zənginlikləri” adlı sərgi açılmışdır. Sərgi 2-ci Ramatuel klassik musiqi festivalı çərçivəsində keçirilir. 

 

Ölkənin ən nüfuzlu otellərindən biri olan “Şato de Messardier”də keçirilən sərgi iyulun 20-nə kimi davam edəcəkdir. Sərgidə Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən xalça, kilim, antik mis qablar və əşyalar, milli musiqi alətləri, ölkənin müxtəlif məkanlarını əks etdirən fotolar, milli geyimlər nümayiş etdirilir.

 

Sərgini açan Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırmışdır.

 

A.Ələkbərov sərginin məqsədinin Azərbaycan mədəniyyətinin və tarixinin tanınması olduğunu demişdir. İcraçı direktor Fondun fəaliyyəti barədə də məlumat vermiş və bildirmişdir ki, Fond Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafına böyük diqqət göstərməklə onların inkişafına dəstək olur. Fondun müxtəlif layihələri çərçivəsində tibb müəssisələri, xəstəxanalar, məktəblər təmir olunur, həmçinin yeni səhiyyə mərkəzləri tikilir. Fond mədəni və tarixi irsin qorunması və bərpasına da yaxından kömək göstərir. Bu istiqamətdə Azərbaycanda və dünyanın bir sıra ölkələrində beynəlxalq konfranslar və festivallar təşkil edilmişdir.

 

A.Ələkbərov onu da qeyd etmişdir ki, bu gün dünyaya klassik musiqinin şah əsərlərini dinlədən və tanıdan Ramatuel klassik musiqi festivalı məhz Mehriban xanım Əliyevanın rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir.


Daha sonra çıxış edən San-Trope şəhərinin meri Jan Pyer Tripe və Ramatuel şəhərinin meri Rolan Bruno sərgidə nümayiş olunan nümunələrin gözəlliyindən danışmış, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasının zəruriliyini qeyd etmişlər. Bildirilmişdir ki, mədəniyyət xalqları və insanları birləşdirən ən böyük qüvvədir.

 

Daha sonra qonaqlar sərgi ilə tanış oldular. Burada nümayiş olunan 50-yə yaxın xalça və kilimdə coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunmuşdur. Bu sənət əsərləri sərginin ilk günündə onu izləməyə gələnlərdə böyük maraq doğurmuşdur.

 

Qədim və orta əsrlərdəki mənbələrdə Azərbaycan xalçaları haqqında əksini tapan məlumatlar xalqımızın milli sərvəti olan xalçaçılıq sənəti barədə ən qiymətli faktları özündə əks etdirir və Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də elm kimi öyrənilir. Bu sənət inciləri dünyanın ən mötəbər muzeylərində və sərgilərində nümayiş olunur.


Sərgidə nümayiş olunan antik mis qablar və əşyalar da böyük maraq doğurdu. Həmin əşyalar qədim Azərbaycanın müxtəlif bölgələrində və böyük ustalıqla hazırlanmışdır.

 

Sərgilənən milli musiqi alətləri qonaqlara Azərbaycan musiqi tarixinin uzun əsrlər əvvələ dayandığını bir daha sübut edir. Sərgidə qədim musiqi alətlərimiz olan tar, qaval, kamança, balaban qonaqlarda bu alətlərin məhz Azərbaycan xalqına mənsubluğu barədə fikir formalaşdırır. Əsrlər boyu milli musiqi mədəniyyətimizin inkişafına əvəzsiz xidmət etmiş musiqi alətlərimizin araşdırılaraq öyrənilməsi, onların bərpa edilərək yenidən səsləndirilməsi, bu gün tariximizin araşdırılması baxımından çox əhəmiyyətlidir və bu işdə Heydər Əliyev Fondunun əməyi misilsizdir.

 

Heydər Əliyev Fondunun nəşrlərindən ibarət hissədə isə Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və sair barədə kitablar və bukletlər vardır. Onların arasında xüsusi diqqət çəkənlərdən biri də Qarabağ haqqında həqiqətləri dünyaya çatdıran və fransızca nəşr olunan “Qarabağ həqiqətləri” toplusudur. Toplu dünyanın bir neçə aparıcı dillərinə də tərcümə olunmuşdur.

 

Sərginin ilk günüdə Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr olunan “Azərbaycan” kitabının təqdimatı da keçirilmişdir. Oxuculara odlar yurdu Azərbaycan haqqında müfəssəl məlumat vermək məqsədi ilə ərsəyə gətirilən nəşrdə toplanan 1000-dən çox şəkil xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini əks etdirməklə yanaşı, ölkəmizin keçmişini və bu gününü, müasir simasını da təcəssüm etdirir. Bu kitab oxucuda ölkəmiz haqqında əyani təsəvvür yaratmaq, onu tanımaq və sevmək baxımından çox böyük əhəmiyyətə malikdir. Kitabda paytaxt Bakı ilə bərabər, bütün bölgələr barədə şəkillər və materiallar əksini tapmışdır. Ölkəmizin qədim tarixinin, memarlığının, mədəniyyətinin bütün tərəfləri ilə əks olunduğu “Azərbaycan” nəşri ilə tanışlıq respublikamız və paytaxt Bakı haqqında dolğun təəssürat yaratmaqla, onun mədəniyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşməsindən xəbər verir.


Daha sonra Azərbaycanın birinci xanımının adından sərginin qonaqları üçün ziyafət verilmişdir. Ziyafətdə caz ifaçısı, Montre caz festivalının qaliblərindən biri Emil Əfrasiyab və tar ustası, əməkdar artist Mircavad Cəfərovun ifasında klassik və milli musiqinin vəhdətini özündə əks etdirən musiqi nömrələri dinlənilmişdir.