25 fevral 2011

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi və Baş Konsulluğun birgə təşkilatçılığı ilə “Xocalıya Ədalət!” elmi-praktiki konfransı keçirilib

Fevralın 25-də Sankt-Peterburqun M.Qorki adına Mədəniyyət Evində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi və Baş Konsulluğun birgə təşkilatçılığı ilə XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımının 19-ci ildönümünə həsr olunmuş “Xocalıya Ədalət!” elmi-praktiki konfrans keçirilmişdir.

 

Tədbirə 600-dən çox soydaşımız qatılmışdır. Konfransda Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri, bir sıra ali təhsil ocaqlarının müəllimləri, nüfuzlu iş adamları, tələbələrimiz və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

Əvvəlcə tanınmış yazıçı, professor Yuri Pompeyevin şəxsi xatirələri əsasında yazılmış “Qarabağ gündəliyi” və Robert Arakelovun “Erməni ziyalısının etirafı” kitablarının təqdimatı keçirilmişdir. Xocalıda törədilmiş vəhşilikləri əks etdirən fotosərgi nümayiş olunmuş, tədbir iştirakçılarına Heydər Əliyev fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” məlumat toplusu təqdim edilmişdir.

 

Konfransı giriş sözü ilə açan Baş konsul Qüdsi Osmanov Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasında İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın irəli sürdüyü “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası barədə geniş məlumat vermiş və hazırda kampaniyanın geniş vüsət aldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Baş konsul nüfuzlu İslam Konfransı Təşkilatının Parlament İttifaqı tərəfindən qəbul olunmuş qətnamə barədə məlumat verdikdən sonra gəncləri “Xocalıya Ədalət!” kampaniyasında fəal iştirak etməyə çağırmışdır.

 

Tədbirin təşkilatçılarından biri olan Heydər Əliyev Fondunu Rusiya Federasiyasndakı nümayəndəliyini təmsil edən Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin aspirantı Natiq Əliyev çıxışında Fondun nümayəndəliyi tərəfindən “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində görülən işlər barədə geniş məlumat vermişdir.

 

Tədbirdə MDB Parlamentlərarası Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsi Aydın Cəfərov Xocalıda törədilmiş cinayəti dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün imkanlardan istifadə olunacağını, soydaşlarımızın, xüsusilə də tələbələrimizin və gənclərimizin Azərbaycan tarixindəki bu qanlı səhifəni heç zaman unutmayacağına əmin olduğunu bildirmişdir. Tədbirdə iştirak edən nüfuzlu iş adamları çıxışlarında Xocalı faciəsinin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bütün vasitələrdən istifadə olunmasının vacibliyini vurğulamışlar.

 

Konfransda yenilənmiş justiceforkhojaly.org saytının təqdimatı keçirilmişdir. İştirakçılara saytdan istifadə qaydaları barədə geniş məlumat verilmişdir.

 

Tədbir iştirakçıları tərəfindən Xocalıda törədilmiş cinayətə hüquqi qiymət verilməsi məqsədi ilə nüfuzlu beynəlxalq qurumlara ünvanlanmış Bəyannamə qəbul olunmuşdur.

 

Konfransda Rusiya kütləvi informasiya vasitələri təmsilçiləri, o cümlədən “Arqumentı i faktı” qəzetinin, “REN TV” telekanalının və İTAR-TASS informasiya agentliyinin nümayəndələri iştirak etmişlər.