26 fevral 2011

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Xocalı faciəsinin 19-cu il dönümü ilə bağlı anma mərasimi keçirilib

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Xocalı faciəsinin 19-cu il dönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

 

Mərasimdə ziyalılar, Rumıniyanın Avropa İttifaqı institutlarında, o cümlədən Avropa Parlamentindəki təmsilçiləri, ölkənin sabiq və hazırkı senatorları, deputatlar, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, Buxarestdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq nümayəndəliklərin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və jurnalistlər iştirak etmişlər.

 

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

 

Mərasimdə çıxış edənlər Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qırğının ağır nəticələrindən danışmış, soyqırımı qurbanlarının xatirəsinin dünyanın bir sıra ölkələrində anıldığını bildirmişlər.

 

İştirakçılara faciə ilə bağlı Azərbaycanda və dünyanın bir çox ölkələrində İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” Beynəlxalq kampaniyası haqqında ətraflı məlumat verilmişdir. Kampaniyaya dair interaktiv təqdimat nümayiş etdirilmiş və bu təşəbbüs yüksək qiymətləndirilmişdir.

 

Mərasim iştirakçıları Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” seriyasından olan kitabçalarla, “Xocalı soyqırımı” və rumın dilində çapdan çıxmış “Xocalı faciəsi”, “Erməni mifi. Erməni ekstremizmi: onun səbəbləri və tarixi məzmunu” kitabları ilə tanış olmuşlar.

 

“Xocalı uşaqların gözü ilə” rəsm sərgisi və faciənin dəhşətlərini əks etdirən fotosərgi də təşkil edilmişdir.

 

Səfirlik tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanmış mətbuat məlumatı Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, bu ölkədə fəaliyyət göstərən səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir.

 

Tədbir Rumıniyanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış, bir sıra qəzetlərdə isə Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto şəkillər, geniş və əhatəli məqalələr dərc olunmuşdur.

 

İştirakçıları Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə əyani şəkildə tanış etmək məqsədilə tədbirin keçirildiyi binalarda Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotosərgilər təşkil edilmişdir. Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” seriyasından olan kitabçalar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında kitablar paylanmışdır.