03_FRANSA-2-CI RAMATUEL KLASSIK MUSIQI FESTIVALI-AZERBAYCAN MUSIQICHILARI.JPG
17 iyul 2011

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan musiqiçiləri ikinci Ramatuel klassik musiqi festivalında iştirak ediblər

İyulun 17-də Fransanın Ramatuel şəhərində keçirilən ikinci Ramatuel klassik musiqi festivalının açılışı olmuşdur.


Mədəniyyət tədbirini Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri açmışdır. Orkestr Xalq Artisti Teymur Göyçay evin dirijorluğu ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Fərhad Bədəlbəyli, Tofiq Quliyev,Vaqif Mustafazadə, dünya klassiklərindən Motsart, Çaykovski və Debüssinin məşhur əsərlərindən ibarət 11 klassik musiqi nömrəsi ifa etmişdir.

 

Ramatuel klassik musiqi festivalının rəhbəri Rolan Koyen festivalın rəsmi açılışını etdikdən sonra Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı məktubu oxumuşdur.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan musiqiçilərinin festivalda iştirakının məqsədinin Azərbaycan və dünya klassik musiqisinin təbliğı olması vurğulanan məktubda Azərbaycanın çox qədim və zəngin musiqi ənənələrinə malik olduğu, dünya musiqi mədəniyyəti tarixindəki önəmli yeri iştirakçıların diqqətinə çatdırılmışdır. Məktubda qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun dəstəyi və qayğısı sayəsində ölkə mədəniyyəti nəinki beynəlxalq aləmdə təbliğ olunur və mühüm uğurlara imza atır, həmçinin Azərbaycan beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Beynəlxalq Muğam, Qəbələ beynəlxalq musiqi, Rastropoviç festivalları dünya musiqisinə əvəzolunmaz tövhələr vermişdir.

 

Məktubda həmçinin Azərbaycanın bu ilki “Eurovision” mahnı yarışmasındakı qələbəsi də vurğulanmışdır. Beləliklə, Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə-“Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edəcəkdir.

 

Konsert elə ilk dəqiqələrdən Ramatuel şəhərinin Yaşıl Teatrını doldurmuş dinləyiciləri valeh etmişdir. Hər bir musiqi nömrəsi uzun və sürəkli alqışlarla qarşılanmışdır. Orkestrin üzvləri hər bir musiqi parçasını böyük məharətlə ifa etmişlər. Səhnədə ölməz bəstəkarların ecazkar musiqi nömrələrini səsləndirən Xalq Artisti Murad Adıgözəlzadə isə konsertə sanki xüsusi bir ab-hava bəxş etmişdi. Konsert ayaq üstə alqış sədaları altında yekunlaşmışdır.



FOTO