010.JPG
18 aprel 2011

Parisdə “Odlar yurdu Azərbaycanın müasir əsərləri” sərgisi açılıb

Aprelin 18-də Parisdə “Odlar yurdu Azərbaycanın müasir əsərləri” sərgisi açılmışdır. Sərginin açıldığı tarixi “Vandom” meydanındakı “Eğvö” hotelində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frederik Mitteran ilə görüşmüşdür.


Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı yenidən Parisdə görməkdən məmnun olduğunu deyən Frederik Mitteran ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu demişdir. O, bu ilin fevralında Parisdə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunan mərasimi xatırlayaraq tədbirin böyük uğurla keçdiyini bildirmişdir. Frederik Mitteran demişdir ki, Fransa tərəfi Azərbaycanda özünün mədəni irsinin nümayiş etdirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Fransaya məxsus 100 mədəniyyət nümunəsinin Azərbaycanda müxtəlif sərgilərdə nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.


Mehriban xanım Əliyeva bu təşəbbüsə Azərbaycan hökumətinin dəstək verdiyini bildirmiş və demişdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi bu tədbirin uğurla keçməsi üçün səylərini əsirgəməyəcəkdir.


Azərbaycanın birinci xanımı Fransanın mədəniyyət nazirini Azərbaycana səfərə dəvət etmişdir. Dəvət məmnunluqla qəbul olunmuşdur.


Görüş başa çatdıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteran ölkəmizin 18 modern rəssamının 33 əsərinin nümayiş olunduğu “Odlar yurdu Azərbaycanın müasir əsərləri” adlı sərgiyə baxmışlar. Sərgidə Azərbaycan rəssamlarından Əşrəf Murad, Darvin və Rəşad Vəlibəyovlar, Rasim və Rəşad Babayevlər, Məmməd Mustafayev, Mirnadir Zeynalov, Altay Sadıqzadə kimi tanınmış fırça ustalarının əsərləri nümayiş olunur. Ölkəmizi tərənnüm edən bu sərgi Azərbaycan insanının xarakterini Qərb tamaşaçısına çatdırmaq baxımından əvəzsiz fürsət olmuşdur.


Görkəmli rəssamlarımızdan Tahir Salahovun, Toğrul Nərimanbəyovun da iştirak etdikləri sərgi odlar yurdu Azərbaycanın, mavi Xəzərin sahilində qərar tutmuş, Şərq ilə Qərbin koloritinin cəmləndiyi Bakının nadir gözəlliyini əcnəbi auditoriyaya uğurla çatdırmışdır. Modern rəssamlarımızdan Mikayıl Əbdürrəhmanov, Müseyib Əmirov, Eliyar Əlimirzəyev, Niyaz Nəcəfov, Aida Mahmudova, Fuad Salayev, Bəhram Xəlilov, Eldar Məmmədov və Fazil Nəcəfovun paytaxtımızın qədim və müasir görkəmini əks etdirən əsərləri tamaşaçıların böyük marağına səbəb olmuşdur. Realist çalarlarla, fərqli forma və rənglərlə maraq doğuran bu yaradıcılıq nümunələri bir qədər sərt görünsə də, əslində heyrətamiz gözəlliyi və maraqlı işlənmə texnikası ilə diqqəti çəkmişdir. Sərginin zəngin ekspozisiyası müasir sənətin xüsusiyyətlərinin açıqlanmasına imkan vermişdir. Bir fikir də öz təsdiqini tapmışdır ki, incəsənət həmişə insanın məkanda tutduğu yeri ifadə edir. Amma müasir incəsənət bu ideyanı yeni forma vasitəsilə həyata keçirir. Avanqard yeni çalarlar, ritm, plastika və forma ilə maraqlıdır. Həqiqətən parlaq və orijinal bir fenomen olan müasir Azərbaycan incəsənətinin nümunələri də bu sırada özəlliyi ilə seçilir. Buradakı əsərlər estetik tərbiyə, bədii zövqün inkişafı, fərqli düşüncə üçün gözəl imkanlar açır. Sərgidəki əsərlərdə daha çox qeyri-ənənəvi, bəzən hətta gözlənilməz ifadə texnologiyası tətbiq edilmişdir. Fransız sənətsevərlər böyük estetik sövq bağışlayan əsərlərə maraqla tamaşa etmiş və bir daha Azərbaycan mədəniyyətinin bütün istiqamətlərdə inkişaf etdiyinin şahidi olmuşlar.


Sonda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından sərginin iştirakçılarına ziyafət verilmişdir.


FOTO