31 mart 2011

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təşəbbüsü ilə Buxarestdə 31 mart azərbaycanlıların soyqırımı günü münasibəti ilə tədbir keçirilib

31 mart 2011-ci il tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən Heydər Əliyev Fondu – Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və ARDNŞ-in Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyəti, ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, KİV nümayəndələrinin iştirakı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş geniş tədbir keçirilmişdir.Tədbirdə azərbaycanlıların soyqırımının tarixi, xüsusi olaraq, 1905-1907-ci illərdə ermənilər tərəfindən Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazaxda törədilmiş vəhşiliklər, 275 kəndin dağıdılması, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan və Lənkəran rayonlarında 50 min azərbaycanlının öldürülməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi qeyd olunmuş, Qubada 122 kənd, Dağlıq Qarabağda 150 kənd, Zəngəzurda 115 kənd, İrəvan quberniyasında 211 kənd və Qars vilayətində 92 kəndin dağıdıldığını vurğulanmışdır. Bundan başqa, 1918-1920 illərdə repressiya zamanı indiki Ermənistanda yaşayan 575000 azərbaycanlıdan 565000 qovulduğu və öldürüldüyünü nəzərə çatdırılmışdır.


Çıxış edənlər 1948-1953-cü illərdəki deportasiyadan söhbət açaraq, 1946-47-ci illərdə Suriyadan, Yunanıstandan, Livandan, İrandan, Bolqarıstandan, Fələstindən, Fransadan, ABŞ-dan, Misirdən, İraqdan və Rumıniyadan 86300 erməninin keçmiş SSRİ ərazisinə köçürülməsi və bununla bağlı 1948-50-ci illərdə SSRİ Nazirlər Şurasının qərarları ilə 100000 azərbaycanlının öz yaşayış yerlərini tərk etməyə məcbur olması barədə geniş məlumat vermişlər.

 

Yığıncaqda çıxış edən natiqlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş hadisələrdən danışaraq, Ermənistanın işğalçılıq siyasəti, 26 fevral 1992-ci il tarixində Xocalı faciəsi, 2 aprel 1993-cü il tarixində Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğal olunması, onların ağır nəticələri və bu soyqırımın mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğu barədə konkret faktlarla tədbir iştirakçılarını məlumatlandırmışlar.

 

Qeyd olunmuşdur ki, 26 mart 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanlıların Soyqırım Gününün 31 mart tarixində qeyd olunmasına dair verdiyi Fərman böyük tarixi əhəmiyyətə malikdir və azərbaycanlıların soyqırımına beynəlxalq siyasi, hüquqi qiymət verilməsi dövlətimizin qarşımızda qoyduğu əsas vəzifələrdən biridir.Azərbaycanlıların soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Sonra Azərbaycanlıların soyqırımının dəhşətlərini əks etdirən foto guşə iştirakçılara nümayiş etdirilmişdir.

 

Həmçinin Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Səfirlik tərəfindən hazırlanmış geniş pres-reliz Rumıniyanın dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə də göndərilmişdir.