0.JPG
13 sentyabr 2005

Parisdə YUNESKO-nun iqamətgahında görkəmli Azərbaycan alimi akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Sentyabrın 13-də Parisdə YUNESKO-nun iqamətgahında görkəmli Azərbaycan alimi akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.


Tədbirdə iştirak etmək üçün Parisə gəlmiş Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı YUNESKO-nun iqamətgahında təşkilatın baş direktorunun xanımı Takaka Matsuura, baş direktorun müavini Valter Erdelen və digər rəsmi şəxslər qarşılamışlar.


Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu foto həvəskarı olan alimin vaxtilə çəkdiyi fotoşəkillərdən ibarət sərgi barədə Mehriban xanım Əliyevaya və qonaqlara məlumat verərək bildirmişdir ki, bu fotolar dünya şöhrətli alimin maraq dairəsinin genişliyini, eyni zamanda Vətəninə, xalqına bağlılığını əks etdirir.


Mehriban xanım və yubiley mərasiminin iştirakçıları Yusif Məmmədəliyevin çəkdiyi fotoşəkillərə maraqla tamaşa etmişlər.


Yubiley mərasimi Y.Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən "Zamanın zirvəsi" sənədli filminin nümayişi ilə başlanmışdır.


YUNESKO-nun baş direktoru adından onun müavini Valter Erdelen, habelə Fransa Kimya Cəmiyyətinin prezidenti Arman Latt və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov mərasimdə çıxış etmişlər. Natiqlər akademik Yusif Məmmədəliyevin 100 illiyinin YUNESKO-nun iqamətgahında keçirilməsinin bu qurum üçün böyük şərəf olduğunu vurğulamış, alimin kimya elminin, müasir neft kimyası sənayesinin inkişafında əvəzsiz xidmətlər göstərdiyini, onun 200-dən artıq elmi məqalənin və 6 monoqrafiyanın müəllifi olduğunu, alimin ixtirasının məhsulu olan yeni yanacaq texnologiyasının İkinci Dünya müharibəsində qələbənin qazanılmasında böyük rol oynadığını, Sumqayıtda kimya müəssisələrinin yaradılmasında xüsusi əmək sərf etdiyini, ölkəsini beynəlxalq elmi məclislərdə layiqincə təmsil etdiyini vurğulamış, Azərbaycanda Şamaxı astrofizika rəsədxanasının, beş yeni elmi tədqiqat institutunun fəaliyyətə başlamasının məhz Yusif Məmmədəliyevin adı ilə bağlı olduğunu bildirmişlər.


Alimin nəvəsi Yusif Məmmədəliyev çıxışında bu mərasimin təkcə babasının xatirəsinə deyil, bütün Azərbaycan elminə həsr edildiyini, alimin xatirəsinin əbədiləşdirilməsində ulu öndərimiz Heydər Əliyevin böyük xidmətləri olduğunu xüsusi vurğulamışdır. O, babasının adını daşımasından fəxr duyduğunu söyləmiş, belə bir mötəbər tədbirin keçirilməsinə görə YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya və Azərbaycan Prezidenti İlham Əliyevə Məmmədəliyevlər ailəsi adından təşəkkür etmişdir.


YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mərasimdə çıxış etmişdir.


Tədbirin sonunda Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər. Konsert zamanı milli rəqslərimiz ifa olunmuş, Azərbaycanı tərənnüm edən mahnılar səslənmişdir.


Konsertin gedişi zamanı ölkəmizin zəngin tarixi abidələrini, gözoxşayan mənzərələrini, Bakı və Parisin görməli yerlərini əks etdirən sənədli filmlərdən parçalar da nümayiş etdirilmişdir.


Mehriban xanım Əliyeva konsertdən sonra incəsənət ustalarımıza təşəkkürünü bildirmiş, onlarla xatirə şəkli çəkdirmişdir.


Yubiley mərasimindən sonra Azərbaycan mətbəxinin ləziz yeməklərinin təqdim edildiyi ziyafət verilmişdir.


FOTO