2015-ci il mayın 13-də hər il qeyd olunan Avropa muzeylər gecəsi çərçivəsində Heydər Əliyev Fondunun və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun mənzil-qərargahında “Azərbaycan: Ənənədən müasirliyə” adlı sərgi təşkil olunub.
Sərginin “Azərbaycan: Ənənədən müasirliyə” guşəsində arxeoloji nümunələr, qədim və orta əsrlərdə Azərbaycanda istifadə olunmuş pul sikkələri, zərgərlik məmulatları, mis qablar və dulusçuluq nümunələri, qədim qadın və kişi geyimləri, milli musiqi alətləri, tikmələr və xalça məmulatları nümayiş etdirilib.
“Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş guşədə Azərbaycanın tanınmış heykəltəraşları ilə yanaşı, istedadlı gənclərin yarışların keçiriləcəyi 20 idman növü üzrə bürüncdən hazırladıqları işlər sərgilənib.
“Azərbaycanın müasir incəsənəti” adlı bölmədə görkəmli rəssamlardan Toğrul Nərimanbəyovun, Altay Sadıqzadənin, Əşrəf Muradın, Leyla Əliyevanın, Müseyib Əmirovun, Məmmədkərim Quliyevin, Əhəd Məmmədovun, DarvinVəlibəyovun, Sabir Çopuroğlunun, Əliyar Əlimirzəyevin, Niyaz Nəcəfovun, Orxan Hüseynovun, Faiq Əhmədin və digərlərinin əsərləri nümayiş etdirilib.
Sərgidə ayrı bir guşə Azərbaycanın ən qədim atüstü oyunu olan Çövkənə həsr olunub.
Tədbir iştirakçılarına dahi Azərbaycan şairi Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən ingilis və fransız dillərində çap olunmuş nəşrləri, eləcə də musiqi diskləri təqdim olunub.
Sərginin açılışında “Azərbaycan cazının yeni nəsli” adlı konsert proqramı da təqdim olunub. Konsertdə beynəlxalq caz festivallarının iştirakçısı, virtuoz ifaçı Şahin Növrəsli çıxış edib. Onu zərb alətlərində Ari Hofenig, kontrabasda Natan Pek, tarda Arslan Növrəsli, kamançada isə Nurlan Növrəsli müşayiət ediblər.
Sərgi mayın 20-dək davam edib.