Parisdə “Azərbaycan şəhərciyi” – 2016

  • Layihə
  • Foto
  • Video

Heydər Əliyev Fondu Parisdə “Azərbaycan şəhərciyi” təşkil edib.

 

Sentyabrın 19-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Azərbaycan şəhərciyi”nin rəsmi açılışında iştirak edib.

 

Şəhərcik sentyabrın 17-dən 25-dək Eyfel qülləsinin yanındakı Jofr meydanında fəaliyyət göstərib.

 

Şəhərçikdə təşkil olunan xalq sənətkarlıq emalatxanalarında ziyarətçilər xalçaçılıq, misgərlik və şəbəkə, taxta üzərində oyma, dulusçuluq, kəlağayı və digər sənət nümunələrinin yaradılması prosesi ilə yaxından tanış olublar.

 

Muzey bölməsində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, milli geyimlər, musiqi alətləri, xalçalarımız və digər sənət nümunələri sərgilənib.

 

Şəhərcikdə daha bir yenilik isə “Uşaq zonası”dır. Kukla teatrı, emalatxana və istirahət zonasından ibarət hissədə xalq nağılları əsasında kuklalarla qurulmuş səhnəciklər göstərilib.

 

“İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” bölməsində Mərkəzin yetirmələri tərəfindən yaradılmış əsərlər-batika, keramika, zərgərlik və taxta üzərində oyma nümayiş olunub.

 

Şəhərçiyin kitabxana zonasında Heydər Əliyev Fondunun ölkəmiz, o cümlədən xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, tarixi, Azərbaycan həqiqətləri barədə geniş və dolğun məlumatların əks olunduğu müxtəlif nəşrləri nümayiş etdirilib və qonaqlara hədiyyə olunub. Tədbir çərçivəsində Heydər Əliyev Fondunun daha bir yeni nəşri - “Azərbaycan mətbəx mədəniyyəti” adlı kitabının təqdimatı da olub. Nəşrdə xalqımızın zəngin mətbəx mədəniyyəti barədə ətraflı məlumat verilir.

 

Şəhərçiyin sərgi bölməsində “Partizanın izi ilə” sərgisi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub.

 

“Bir günəş altında” layihəsi çərçivəsində açılan sərgidə isə Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan fotolar, eləcə də eyniadlı film nümayiş olunub. Sərgidəki fotolar və film Azərbaycanın müxtəlif guşələrində çəkilib və burada 20 azsaylı xalqın tarixi, mədəniyyəti və adət-ənənələri təqdim edilib.

 

“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində fransız fotoqraflar Samuel Qrataka və Jan-Fransua Rozyenin hər iki şəhərin mənzərələrini, abidələrini, gündəlik həyatını əks etdirən fotoları təqdim olunub. Fransız fotoqraflar Gəncə və Qəbələdə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənələrini fotokameralarının yaddaşına həkk ediblər.

 

Şəhərçikdə ilk dəfə olaraq həm də “Turizm Mərkəzi” layihəsi təqdim olunub. Burada Azərbaycanın turizm bölgələri və marşrutları barədə ətraflı məlumat verilib.

 

İçərişəhərin maketi sərgi iştirakçılarına memarlığımızın və mədəniyyətimizin nadir incisi ilə vizual tanış olmağa şərait yaradıb.

 

Bu dəfə “Azərbaycan şəhərciyi”ndə ilk dəfə olaraq “Qız qalası” beynəlxalq incəsənət festivalı da təşkil olunub. Festival 2013-cü ildə Kann şəhərindən sonra ikinci dəfədir ki, Azərbaycandan kənarda keçirilib. Bu dəfə 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan “Qız qalası” maketləri sərgilənib.

 

Azərbaycan mətbəxinin təbliğ olunduğu hissədə milli mətbəximizin təamlarının hazırlanması nümayiş olunub. Şəhərcikdə fəaliyyət göstərən restoranda isə Azərbaycan milli mətbəxinin bir-birindən dadlı təamları təqdim edilib. Qida məhsulları yarmarkasında isə Azərbaycanın müxtəlif qida məhsulları istehsalçılarının məhsulları sərgilənib.

 

Şəhərcikdə qonaqlara Azərbaycanın ilk rəsmi hədiyyə və suvenir brendi olan “I Love Baku” stendi də təqdim edilib.

 

Burada, həmçinin Fransada Azərbaycanın Dostları Assosiasiyası da təmsil olunub.



0.JPG
004.JPG
006.JPG
007.JPG
009.JPG
010.JPG
011.JPG
012.JPG
013.JPG
014.JPG
015.JPG
016.JPG
17.JPG
18.JPG
19.JPG
20.JPG
21.JPG
22.JPG
23.JPG
25.JPG
26.JPG
27.JPG
28.JPG
29.JPG
30.JPG
31.JPG
32.JPG
33.JPG
34.JPG
35.JPG
36.JPG
37.JPG
38.JPG
39.JPG
40.JPG
41.JPG
42.JPG
43.JPG
44.JPG
45.JPG